ADAU-nun professoru Rübail Allahverdiyevlə vida mərasimi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin  yoluxmayan xəstəliklər kafedrasının professoru, şair Rübail Allahverdiyev ömrünün 77-ci ilində dünyasını dəyişib. Mərhumla vida mərasimi universitetin Mühəndislik korpusunda keçirilib. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov Rübail Allahverdiyevin elmi-pedaqoji fəaliyyətindən,  Azərbaycanda baytarlıq elminə verdiyi töhfələrdən, ədəbi yaradıcılığından danışıb. Qeyd olunub ki,  Rübail Allahverdiyev 21 may 1940-cı ildə anadan olmuş,  1964-cu ildə ADAU –nun Baytarlıq fakültəsini bitirmiş, 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin  turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik   dissertasiyasını müdafiə edərək biologiya elmləri  namizədi adını  almışdır. 1976 -cı ildən dosent, 2010 –cu ildən ADAU – nun professoru adına layiq görülmüşdür, universitetdə müxtəlif vəzifələrdə çalışmışdır.  Rübail Allahverdiyevin elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  ona “Əməkdar Müəllim” Fəxri adı verilmişdir.

Vida mərasimində AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, professor Zaur Həsənov, professor Mirzə Əliyev, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, dosent Telman İsgəndərov və digər şəxslər çıxış ediblər. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov da  iştirak edib.