ADAU-nun Aqrar İnkişaf Könüllüləri Samuxda olub

Məlum olduğu kimi “Aqrar İnkişaf Könüllüləri” hərəkatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır. Bu hərəkatın üzvləri Aqrar Universitetdə də çoxdur və məqsəd aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir.

Elə bu səbəbdən də ADAU-nun Aqrar İnkişaf Könüllüləri tez-tez bölgələrdə olur, mövcud vəziyyət barədə məlumatlandırılır, onlara təsərrüfatların inkişaf istiqamətləri öyrədilir. Növbəti tanışlıq isə Samux rayonunda baş tutub. Könüllülər əvvəlcə DAİM-in sədri Rahil Həsənovla görüşüb. Sədr rayonda fəaliyyət göstərən fermer təsərrüfatları barədə ətraflı məlumat verib, könüllüləri maraqlandıran sualları cavablandırıb. ADAU-nun Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov bildirib ki, bu gün könüllülük hərəkatında Aqrar İnkişaf Könüllülərinin xüsusi rolu var və onlar müxtəlif sahələrdə bizlərə köməklik göstərirlər.

Sonra Aqrar İnkişaf Könüllüləri rayonda faliyyət göstərən istixana təsərrüfatlarında becərmə texnologiyaları ilə tanış olub, nəzəri biliklərin təcrübədə tətbiqini sınayıb, burada çalışan işçilərlə fikir mübadiləsi aparıblar.