“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb

Aqrar sahə Azərbaycanda iqtisadiyyatın əsas istiqamətlərindən birini təşkil edir. Ancaq bu sahə üzrə mütəxəssislərin yetərli sayda olmaması təəssüf doğurur. Bunun da müxtəlib səbəbləri var. Əsas səbəblərdən biri 1990-cı illərdə və ondan sonrakı dövrlərdə kənd təsərrüfatı üzrə ixtisaslı kadr hazırlayan yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinə münasibət birmənalı olmayıb və tələbə qəbulunun  nəticələri  sürətlə azalmağa başlayıb. Yəni, torpaqların əhaliyə paylanması və kollektiv təsərrüfatların ləğvi istər-istəməz bu universitetə marağı azaldıb. Son 10 ildə isə aqrar təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir  və Prezident İlham Əliyevin birbaşa nəzarətində olan aqrar təhsil sürətli inkişaf illərini yaşayır. Ən müasir tələbə evləri tikilib, texniki baza tamamilə yenilənib, universitetin beynəlxalq əlaqələri genişlənib. Kənd təsərrüfatı yönümlü ixtisaslar dövlət sifarişli olub, tələbələr təqaüdlə təmin edilib. Bununla yanaşı  “ADAU-nu tanıdaq” layihəsi də qəbul edilib.  Universitet kollektivi icra etdiyi layihə ilə bu boşluğu aradan qaldırmağı və bazar rəqabətli kadr hazırlamağı hədəf götürüb və demək olar ki, buna da nail olub.

ADAU-nu rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə layihə üzvləri tərtib edilən qrafikə uyğun rayonlarda olur, ictimaiyyətin nümayəndələri və orta məktəbin yuxarı sinif şagirdləri ilə görüşür, onlara təhsil müəssisəsi haqqında ətraflı məlumatlar verirlər. Növbəti görüş isə Şəmkir rayonunda baş tutub.

Heydər Əliyev mərkəzində keçirilən görüşdə əvvəlcə ADAU haqqında qısametrajlı filmlər, video-çarxlar nümayiş etdirilib. Bildirilib ki, görüşün və bu layihənin məqsədi yuxarı sinif şagirdlərinə Universitet barədə geniş məlumatlar vermək şagirdlərin marağını bu sahəyə artırmaqdır. Kənd təsərrüfatı üzrə mütəxəssislərə olan tələbatı ödəmək üçün görülən işlərin nəticəsidir ki, ADAU-nu seçənlərin sayı bu tədris ilində bakalavr, magistr və əcnəbi tələbələrlə birlikdə 1540 nəfər olub. Vurğulanıb ki, ADAU-da 14 ixtisas dövlət sifarişlidir. Tələbələr burada ödəniş haqqından azaddır və  təqaüd alırlar.

Görüşdə rektor İbrahim Cəfərov ADAU-nun inkişafının ölkə Prezidentinin tam diqqətində olduğunu deyib Universitet haqqında məlumatlar söyləyib. Hazırda ADAU-nun böyük şöhrətə malik olduğunu deyən rektor onu da əlavə edib ki, bu təhsil müəssisəsi Azərbaycana çox böyük şəxsiyyətlər verib. İndi biz həmin şöhrətli illəri cənab Prezidentin diqqəti sayəsində yenidən yaşayırıq və əminəm ki, tarix təkrar olacaq və yeni şəxsiyyətlər nəsli yetişəcəkdir. Belə mükəmməl kadrlar hazırlamaq üçün indi Aqrar Universitetdə hər şərait yaradılıb.

Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov Şəmkirin Azərbaycan kənd təsərrüfatında yerindən danışıb, bu günün uğurlarını dilə gətirib. Bildirib ki, bu günün dinamik inkişafının özü də Ulu öndər Heydər Əliyev siyasi kursunun, ideologiyasının nəticəsidir. A. Məmmədov onu da deyib ki, təqdim olunan filmlərdən ADAU-nun tam şəraitli təhsil müəssisəsi olduğu aydın görünür.

Qeyd edək ki, bu il Şəmkir rayonundan 46 tələbə məhz ADAU-nu seçib. Ümumilikdə isə bu rayondan 251 tələbə ADAU-da oxuyur. Bu isə o deməkdir ki, yaxın bir neçə ilə rayonun kənd təsərrüfatı kadrlarına olan ehtiyacını tam ödəmək mümkün olacaq.

Görüşdə Şəmkir ictimaiyyətinin nümayəndələri, DAİM-in sədri, təhsil şöbəsinin müdiri, məktəb direktorları və yuxarı sinif şagirdləri iştirak edib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.