ADAU İNNOVASİYALI AQROBİZNES MÜƏSSİSƏLƏRİ İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİR

Müasir texnologiyalı aqrobiznes şirkətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) hədəflərindən biridir. Bu məqsədlə universitet tərəfindən bir çox işlər görülmüşdür. Qeyd olunan istiqamətdə əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə bir sıra əməkdaşlar Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, bitkiçilik sahəsi üzrə çoxsahəli ixtisaslaşmış "Birlik-CZ" MMC-yə səfər ediblər. Müəssisənin rəhbəri Məmməd Ələkbərov müəssisənin tarixi, bugünkü fəaliyyət istiqamətləri, tətbiq olunan texnologiyalar, satış bazarları, dövlət dəstəyi, habelə universitetin müəssisdə çalışan  və elmi-tədqiqat işləri aparan magistrantları və doktorantları barədə danışıb. Bildirilib ki, hazırda istixana şəraitində xiyar məhsulu istehsal olunaraq səmərəli satış bazarlarına çıxarılır. Bundan başqa, üzüm, taxıl, meyvə, çiyələk, noxud və s. məhsulların istehsalı da müəssisənin fəaliyyətinin əsas istiqamətlərinə daxildir.

ADAU-nun "Birlik-CZ" MMC kimi aparıcı aqrobiznes şirkətlərlə əməkdaşlıq əlaqələrin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu bildirən rektor, professor İbrahim Cəfərov bu müəssisədə təcrübə dərslərinin təşkili, elmi-tədqiqat işlərinin aparılması üçün kifayət qədər imkanların olduğunu qeyd etmişdir.

Görüşün yekunu olaraq yaxın günlərdə ADAU ilə "Birlik-CZ" MMC arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə olunmuşdur.