Adau ilə Türkiyənin Ege Universiteti arasında niyyət protokolu imzalanıb

Aprelin 8-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyə Respublikasının Ege Universiteti arasında niyyət protokolu imzalanıb. Protokolun imzalanması ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ali təhsil müəssisələri arasında ikili diplom proqramının təsis olunması üzrə danışıqların aparılması məqsədinə xidmət edir.

İmzalanma mərasimində təhsil naziri Ceyhun Bayramov və kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib.

Niyyət protokolu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru Necdet Budak tərəfindən imzalanıb. Niyyət protokolu Azərbaycan Dövlət Aqrar Universitet ilə Ege Universiteti arasında kənd təsərrüfatı ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının təsis olunmasına dair danışıqların aparılmasını özündə ehtiva edir.

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

http://www.agro.gov.az/1882-adau-l-trkynn-ege-unverstet-arasinda-nyyt-protokolu-mzalanib.html