ADAU ilə Çin Xalq Respublikasının Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında anlaşma memorandumu imzalanıb

24-29 iyun 2017-ci  il tarixlərində Çin Xalq Respublikasının Şandon əyalətinin Tzinan şəhərində Bir kəmər - bir yol” strategiyası çərçivəsində keçirilən “Çinin Şandon əyalətinin və 5 Mərkəzi Asiya ölkəsinin aqrotexniki əməkdaşlığı üzrə Forumu”nda Azərbaycan Dövlət Aqrar Universiteti ilə qeyd olunan əyalətin Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında anlaşma memorandumu imzalanıb.Memorandumu Akademiyanın Prezidenti Van Şubo və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov imzalayıblar. Memorandum birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, tədqiqatçıların təcrübəyə göndərilməsi, təcrübə mübadiləsini nəzərdə tutur.

1903-cü ildə əsası qoyulmuş Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası özündə 16 idarəetmə bölməsini, 22 elmi-tədqiqat institutunu, 18 akademik bölməni və 1 post doktorantura stansiyasını özündə birləşdirir.

Şandon əyalətinin əhalisinin sayı 98 milyon 470 min nəfər (2015) olmaqla, bu göstəriciyə görə ölkənin 2-ci böyük, ümumi daxili məhsul istehsalına görə 3-cü, kənd təsərrüfatının ümumi məhsuluna görə 1-ci yerdə olan inzibati ərazi vahididir.

Səfər çərçivəsində A.Hətəmov Akademiyanın, o cümlədən İpəkçilik elmi-tədqiqat institutunun maddi-texniki bazası ilə yaxından tanış olub, “Azərbaycanda kənd təsərrüfatının inkişaf meyilləri” mövzusunda təqdimatla çıxış edib, televiziyaya müsahibə verib.