ADAU-da Emin Sabitoğlunun yaradıcılığından danışılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli bəstəkar Emin Sabitoğlunun yaradıcılığına həsr olunan ədəbi bədii gecə keçirilib. Tədbirin keçirilməsində məqsəd tələbə gənclərin milli musiqimizə marağının artırılması olub.

Tədbiri ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, bəstəkarın həyat və yaradıcılığından ətraflı məlumat verib. Bildirib ki, E. Sabitoğlu 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib.Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu həm də bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları indi də xalq arasında sevilir.

Qeyd edək ki, Bəstəkarın haqqında  nümayiş olunan film də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda universitetin mahnı və rəqs ansamblı Emin Sabitoğlunun mahnılarını ifa edib, bir-birindən maraqlı rəqslərlə tədbirə xüsusi bir rəng qatıblar.