ADAU-da əlavə təqaüd alan tələbələrlə görüş keçirilib       

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dövlət sifarişi ilə təhsil alan, əlavə təqaüdlərlə təmin olunan tələbələrin sayının artması dövlətimizin aqrar sahənin, aqrar təhsilin inkişafına diqqətinin təzahür formalarından biri kimi qiymətləndirilir.

Qeyd edək ki, 2018/2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq universitetə qəbul olan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüd verilir. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə isə ayda 120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd verilir. Bütövlükdə cari tədris ilində universitetə qəbul olan 1292 tələbənin 879-u dövlət sifarişi əsasında qəbul olmuşdur ki, bunun da 843-ü kənd təsərrüfatı ixtisaslarını əhatə edir. Əlavə təqaüdlərlə təminatın davamlı olması isə tələbələrin imtahan sessiyalarında göstərdiyi nəticələrdən asılıdır.

Əlavə təqaüdlə təmin olunan tələbələrin imtahan sessiyasının yekunlarına həsr olunan görüşdə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək tələbələrin göstərdiyi nəticələr, qarşıda duran vəzifələr barədə danışıb. Rektor qeyd edib ki, dövlətimizin aqrar təhsilə qayğısının əsas isiqamətlərindən biri kimi universitetə yüksək balla qəbul olan tələbələrin imtahan sessiyasında da əla nəticələr əldə etməsi bizi sevindirir, aqrar sahənin rəqabət qabiliyyətli kadrlarla təminatına əlverişli zəmin yaradır. Rektor tövsiyə edib ki, tələbələr qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələri təhsil aldıqları müddətdə, imtahan sessiyalarında, məzun olduqdan sonra istehsalatda təsdiq etməlidirlər.