ADAU-da dünya dillərinin öyrənilməsinə maraq daha da artıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bazar rəqabətli kadr hazırlığında professor-müəllim heyəti  yalnız bu günü deyil, gələcəyi  də düşünür. Heç kimə sirr deyil ki, aqrar sahənin bir çox problemi qlobal xarakterlidir və dünya alimlərini narahat edir. Qlobal istiləşmə, torpaqların şoranlaşması, sürətli urbanizasiya, əkin torpaqlarının azalması, ekoloji tarazlığın pozulması, dünya əhalisinin sürətlə artması və s. qeyd edilən problemlərin yalnız bir qismidir. İndi ərzaq təhlükəsizliyi hər bir ölkənin strateji hədəflərindəndir. BMT-nin FAO ekspertlərinin məlumatlarına əsasən bu gün dünyada 1,5 milyard insan normal yaşayışı üçün tələb olunan 2700-2800 kkal. enerjini ala bilmir. Demək alimlər daha ciddi işləməlidir, innovasiyalar daim təkmilləşməlidir, yeni məhsuldar bitki sortları və hibridləri, yeni mal-qara cinsləri yaradılmalıdır.

Bunun üçün də təbii ki, təhsil mükəmməlləşməli, gənc tədqiqatçılar dünya dillərindən birini öyrənməlidirlər.  Yalnız belə olduqda dünya elminin pəncərələrini onlar üçün açırlar.

ADAU-da aparılan işlər nəticəsində  artıq 79 nəfər gənc müəllim dekabr ayının 1-dən ingilis dilini, 21 nəfər isə rus dilini öyrənməyə başlayacaqlar.

Demək yerinə düşər ki, dil kursları pulsuz təşkil edilir, dil öyrədən müəllimlərə isə universitetin büdcədən kənar vəsaiti hesabına müvafiq vəsait ödəniləcəkdir. Yalnız bu yolla gələcək hədəflərimizə çatmaq mümkündür.  Universitetin kadr potensialı göstərilən hədəflərə çatmağa imkan verir.