ADAU-da “Azərbaycanda intensiv bağçılıq: nailiyyətlər, perspektivlər, problemlər və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib

21 fevral 2020-ci il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda intensiv bağçılıq: nailiyyətlər, perspektivlər, problemlər və həlli yolları” mövzusunda  ADAU-nun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransın məqsədi aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini nəzərə alaraq, müasir dövrdə bağlarda məhsuldarlığın artırılması üçün tətbiq edilən intensiv bağçılıq üsulunun üstünlükləri, hazırki vəziyyəti, əldə olunmuş uğurlar, fermerlərin qarşılaşdığı çətinliklər və elmi cəhətdən əsaslandırılmış ən yaxşı təcrübənin təbliği üçün əlverişli platformanın yaradılmasıdır.

Konfransı giriş sözü ilə açan Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, ölkəmizdə intensiv bağçılığın inkişaf üçün çox böyük imkanlar, dövlət dəstəyi mövcuddur. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nın müvafiq bəndinə əsasən, Aqrar Subsidiya Şurasının qərarı ilə ölkəmizdə intensiv meyvə bağlarına görə bir çox subsidiyaların ödənilməsini göstərmək olar.

“Şolkovo Aqroxim” müəssisəsi Azərbaycan nümayəndəliyinin baş aqronumu Arif Abbasov ölkəmizdən ixrac olunan məhsulların strukturunda intensiv bağçılıq məhsullarının xüsusi çəkisi, bu sahə ilə məşğul olan sahibkarların gəlirlərinin xeyli artdığını bildirib.

Sonra Quba rayon meyvəçilik fermeri Cabbar Heybətov çıxış edib bu sahədə görülən işlərdən danışaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Universitetin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov isə bildirib ki, ən müasir tələblərə uyğun yenidən qurulmuş universitetin tədris-təcrübə təsərrüfatında intensiv bağların salınması istiqamətində mühüm işlər görülməkdədir.

Daha sonra Tərtər rayonundan olan bağçı, fermer Zəfər Nəsirov qeyd edib ki, bu gün aqrar sahəyə dövlət dəstəyi böyükdür. Hər bir fermer dövlət qayğısını öz üzərində hiss etməkdədir.

Sonra bir sıra rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, USAİD-in Özəl Sektorun İnkişafı Layhiəsinin nümayəndələri, mütəxəssislər, Universitetin müəllimləri və fermerlər çıxış edərək öz fikirlərini bildiriblər.

Günün ikinci hissəsində konfrans öz işini bölmələrdə davam etdirib.