ADAU-da AMAL-ın tədbiri keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) tədbiri keçirilib. Tədbirdə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və layihənin Milli Proqram Rəhbəri Elvin Nəbiyev iştirak edib.

Tədbirin məqsədi aqrar sahədə təhsil alan tələbələrin universiteti bitirdikdən sonrakı dövrdə quracağı biznesə dəstək verilməsi və iş ilə təmin olunması istiqamətində gənclərə tövsiyələr və lazımi istiqamətdə dəstək verilməsidir. ADAU-nun rektoru İbrahim Cəfərov çıxışında layihənin əhəmiyyətindən danışıb, gənclərin gələcək karyerasında vacibliyini vurğulayıb. Eyni zamanda, tələbələrlə layihə təmsilçilərinin əməkdaşlıq etməsinin vacibliyini deyib.

Layihənin Milli Proqram Rəhbəri Elvin Nəbiyev isə AMAL-ın əsas hədəflərindən danışıb. Bildirib ki, AMAL gənclərin aqrar sahəyə marağının artırılmasını, onların məşğulluğuna yönəlmiş aqrobiznes imkanlarının genişləndirilməsini, iştirak etdiyi dayanıqlı və müasir kənd təsərrüfatının dəstəkləməsini, gələcəyin savadlı fermerlərinin yetişdirilməsini və gənc fermerlərin beynəlxalq və yerli bazarlara çıxışlarının təmin olunmasını hədəf götürüb.

Qeyd edək ki, AMAL Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə həyata keçirdiyi layihədir. AMAL-ın missiyası gənc liderlərin kənd təsərrüfatı sahəsində sahibkarlıq və özünüməşğulluq imkanlarının artırılmasına dəstək verməkdir. 

Sonda tələbələrin fikirləri dinlənilib, sualları cavablandırılıb.