ADAU 1-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatdı

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Davamlı İnkişaf Hədəfləri" adlı 1-ci Beynəlxalq Yay Məktəbində yekun mühazirə Azərbaycan Respublikası kənd təsərrüfatı Nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və məsləhətçi Drs. İng. Martis van Splunter tərəfindən aparılıb. Mühazirədə aqrar sahənin inkişafında beynəlxalq təcrübə, Azərbaycanda kənd təsərrüfatının inkişafının müasir vəziyyəti, qarşıda duran vəzifələr, prioritet istiqamətlər barədə müzakirələr aparılıb.
Mühazirədən sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub. Məktəbi uğurla başa vuran iştirakçılara 3 kredit verilməsi sertifikatlarda təsbit edilib.Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məktəbin iştirakçılarını yay məktəbini uğurla başa vuranları səmimi qəlbdən təbrik edib, onlara uğurlar arzulayıb. İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən respublikanın müxtəlif bölgələrinə səfərləri özündə əks etdirən yay məktəbini çox yüksək qiymətləndirərək, yaradılan şəraitə, o cümlədən universitetin ən müasir standartlara cavab verən Tələbə evində yaşayış yeri ilə təminata görə rektora minnətdarlıqlarını bildiriblər. 
Qeyd edək ki, 2018-ci ilin 16-28 iyul tarixlərində keçirilən məktəbə Azərbaycandan 10, Belarusdan 1, Qazaxıstandan 2, Gürcüstandan 4, Çin Xalq Respublikasından 2, Çexiyadan 4, Türkiyədən 3, Rusiyadan 1, Polşadan 5, Özbəkistandan 1, İran İslam Respublikasından 1 tələbə qatılıb. 
Məktəbdə Davamlı İnkişaf Hədəflərinə dair məruzələr dinlənilməklə yanaşı, iştirakçılar respublikanın aparıcı aqrar sənaye şirkətlərindən "Gilan Holdinq"in kənd təsərrüfatı müəssisələri, “Göygöl Şərab” ASC, Şəmkir rayonunda Vitamin Vio müəssisəsi, arıçılıq təsərrüfatlarına, habelə Gəncə “ASAN xidmət” mərkəzinə, ölkəmizin füsunkar yerlərindən olan Göygöl Milli Parkı, Qəbələ rayonunun istirahət-əyləncə mərkəzləri, Gəncə şəhərində Nizami Məqbərəsi və "Nizami Gəncəvi" Muzeyi , Heydər Əliyev Park-Kompleksi, , ”Zəfər Tağı”, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi , ”Məhsəti Gəncəvi” Mərkəzi, ”İmamzadə” dini kompleksi, Xan bağı, ”Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, “Mirzə Şəfi Vazeh” Muzeyi, Azərbaycan Xalq Cümuriyyəti Muzeyi, Filarmoniya, “Xəmsə” Parkı və digər yerlərə səfər ediblər.