ADA Universitetinin tələbələri:  ADAU-da yaradılan şərait idealdır

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlıq etdiyi aparıcı ali təhsil müəssisələrindən biri də ADA Universitetidir. Bu gün ADA Universitetinin professoru, doktor Erol Çakmak və doktor Rəşad Hüseynovun rəhbərliyi ilə müvafiq proqram üzrə təhsil alan 20 magistrant ADAU-ya səfər edib. Səfərin əsas məqsədi  ADA universiteti magistrantlarının ADAU ilə yaxından tanış olmaları və eləcə də hər iki universitetin müvafiq ixtisas üzrə magistrantları və ixtisas müəllimləri arasında təcrübə mübadiləsinin aparılması, həmçinin ixtisas kafedraları arasında gələcək əməkdaşlıq planlarının müzakirəsi olub.

Təhsil müəssisəsinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin anatomiya muzeyində təşkil olunan tədbiri giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Bildirib ki, nəinki ölkənin, hətta beynəlxalq səviyyədə aparıcı ali təhsil müəssisələrindən biri olan ADA Universiteti ilə əməkdaşlıq əlaqələri  çox böyük önəm daşıyır və biz bu universitetin professor-müəllim heyətinin və tələbələrinin səfərindən məmnuq. Rektor, xüsusilə, ADA Universitetinin  Kənd Təsərrüfatı sahəsində Biznes idarəçiliyi üzrə MBA  və ADAU-nun Menecment (alman proqramı) MBA proqramları üzrə magistr hazırlığı sahəsində əməkdaşlığı çox yüksək qiymətləndirərək əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Bu istiqamətdə mövcud olan potensial imkanlardan biri kimi, ADAU-da bakalavriat səviyyəsində 5 ixtisas üzrə ingilis dilində tədrisin mövcudluğu və bu ixtisaslardan məzun olanların ADA Universitetinin  Kənd Təsərrüfatı sahəsində Biznes idarəçiliyi üzrə MBA  proqramı üçün mühüm baza olduğunu bildirib.

ADA Universitetinin professoru, doktor Erol Çakmak və doktor Rəşad Hüseynov çıxış edərək rektor İbrahim Cəfərova təşəkkürlərini bildirib, əməkdaşlıq əlaqələrinin səmərə verdiyini və əlaqələrin daha da genişləndirilməsinin hər iki universitet üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Tədbir çərçivəsində hər iki universitet haqqında təqdimatlar olub, “Aqrar marketinq: reallıqlar və imkanlar- dünya təcrübəsi” mövzusunda dəyirmi masa keçirilib və ətraflı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar universitetin tədris korpusları,  laboratoriyaları, auditoriyaları, tədris və tədqiqat mərkəzləri, müasir heyvandarlıq kompleksi, baytarlıq və bitki klinikaları və digər yerlərlə tanış olublar. Universitetin  tələbə evinin bir günlük qonağı olan müəllim və tələbələr mətbuata müsahibələrində burada olan şəraitin ideal olduğunu qeyd ediblər.

Tədbir  Hacıkənd qəsəbəsində hər iki universitetin tələbələri üçün təşkil olunan əyləncə ilə yekunlaşıb.