2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb

Kənd Təsərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar 2018-ci ilin fevral ayının 1-də başa çatacaq.

 Universitet rektorunun imzaladığı əmrlə “Qaynar xətt” yaradılıb və əlaqə telefonu, e-mail ünvanı qeyd edilib, imtahanların cavablarını kodlaşdırmaq üçün qrup yaradılıb. İmtahanlarda verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün bakalavriat və magistratura səviyyələrində apellyasiya komissiyaları təşkil edilib. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilib, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri təsdiq edilib.

İmtahan korpusunda tibb məntəqəsi təşkil edilib, və iki tibb işçisi təhkim olunub. Rektorun əmrinə müvafiq olaraq tədris işləri üzrə prorektorun sədrliyi ilə sessiyanın gedişində daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə qərargah yaradılıb, xüsusi otaq ayrılıb, telefonla təchiz edilib. "Qaynar xətt”ə Universitetin internet ünvanından birbaşa onlayn formada müraciət etmək imkanı da yaradılıb.

Təhsil müəssisəsində imtahanların 60 faiz test üsulu, 20 faiz yazılı, 20 faiz isə şifahi formada keçirilir. Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl tərtib edilib, kafedra iclaslarında baxılıb, tələbələrə çatdırılıb, test sualları elektron imtahan bazasına yerləşdirilib, tələbələrin semestrdə topladıqları balların nəticələri sessiyanın başlanğıcınadək elektron sistemə yüklənib. Mühəndislik fakültəsinin tədris korpusunda 2 auditoriyada quraşdırılan 152 kompyuter test formasında olan imtahanlar üçün quraşdırılıb. İmtahanlara kənar müdaxilələrin qarşısı tam alınıb, hər gün 1000-dək tələbənin növbəliklə kompyuterlə imtahan verməsi nəzərdə tutulub və sonda nəticə dərhal kompyuterdə görünəcək. 
Bütün tədris korpuslarında videokameralar quraşdırılıb, mühafizə və nəzarət üçün şərait yaradılıb.