Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Fakültə haqqında

   

1931-ci ildə  Gəncədə heyvandarlıq sahəsi üzrə ilk Azərbaycan Zoobaytarlıq İnstitutu, onun nəzdində  zootexniya və baytarlıq fakültələri yaradılmışdı. Baytarlıq fakültəsi üzrə altı kafedra, zootexniya fakültəsində dörd kafedra fəaliyyət göstərirdi. Həmin dövrdə bu institut baytarlıq və zootexniklik sahələri üzrə elmi-tədqiqat işləri ilə məşğul olan əsas mərkəz hesab edilirdi. Universitetdə baytar həkimlərinin ilk buraxılışı 1935-ci ildə olmuşdur. Bu dövrdə artıq kafedralar elmi-pedaqoji kadrlarla müəyyən qədər təmin olunmuşdu. Kafedralara rus alimlərindən başqa, azərbaycanlı mütəxəssislər də rəhbərlik edirdilər. Fiziologiya kafedrasına K.Q.Qəmbəroğlu, biokimya  kafedrasına Q.M.Rəhimzadə, patanatomiya kafedrasına A.D.Səmədov, klinik diaqnostika və müalicə kafedrasına Y.Y.Babayev, farmakologiya kafedrasına C.R.Cəfərov, mikrobiologiya kafedrasına M.K.Qəniyev rəhbərlik edirdilər. Sonralar kafedralar  Moskva, Sankt-Peterburq (Leninqrad), Kazan və digər baytarlıq institutlarında aspirantura məzunları olanlar (M.Ə. Mehdiyev, Q.Q.Mövsümzadə, N.S.Abusəlimov, A.H.Qədimov, M.B.Əzimov, K.M.Səfərov, Y.Ələkbərov, M.İ.Həsənov, M.Əlizadə və başqaları), daha sonralar isə fakültənin məzunları hesabına elmi pedaqoji kadrlarla təmin olundu.

Əcnəbi alimlərdən İ.N.Qvatua, professor V.M.Bitski, dosent N.M.Preobrajenski mühazirələr söyləmiş, dosentlər V.V.Spasski və F.F.Poroxov kliniki diaqnostika və yoluxmayan daxili xəstəliklər kafedrasına  rəhbərlik etmişlər. 1936-cı ilə kimi anatomiya kafedrasına dosent V.Y.Lipatov, fiziologiya və histologiya kafedrasına prosessor D.V.Znamenski, kafedralar birləşdirildikdən sonra anatomiya və histologiya kafedrasına 1948-ci ilə kimi L.M.Çuvatin rəhbərlik edib. 1932-1937-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun təşkilatçılarından biri, professor Fətullabəy Rzabəyli zoologiya, zoogigiyena və baytarlıq-sanitariya ekspertizası kafedrasına rəhbərlik edib. Histologiya kafedrası ayrıldıqdan sonra, bu kafedraya professorlar D.V.Znamenski və V.İ.Lamski rəhbərlik etmişlər.

Fakültənin məzunlarından olan alimlərimizdən bəziləri: professor M.Ə.Mehdiyev  rektor (1954-1962),  professor  R.A.Qədimov  elmi işlər üzrə prorektor  (1973-1979) və rektor (1990-1995), H.M.Hacıyev elmi işlər üzrə prorektor (1978-1988), R.N.Allahverdiyev (1965-1970) və A.Əliyev institut partiya təşkilatının katibi, Ə.A.Əsgərov və Ə.M.Xəlilov  institutun həmkarlar ittifaqı yerli komitəsinin sədri kimi məsul vəzifələrdə çalışmışdılar.  

Zootexniklik fakültəsində akademik F.A. Məlikov, Elmlər Akademiyasının müxbir üzvü A.Ə.Ağabəyli, professor C.M.Axundov, professor M.H.Sadıxov, professor R.X. Səttarzadə, professor Z.Q.Verdiyev, professor R.M.Mehdiyev, professor T.M.Turabov, professor K.B. Ağalarov kimi alimlər uzun müddət çalışmışdılar.

Hazırda fakültədə bakalavriat  və magistratura səviyyələrində “baytarlıq”, “zootexniklik”, “əczaçılıq”, “balıqçılıq və baqlıqçılıq təsərrüfatı işi”, doktorantura səviyyəsində “farmakologiya, klinik farmakologiya”, “dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili”, “baytarlıq elmləri”, “əczaçılıq kimyası, farmakoqnoziya”, “xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası”, “kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması”, “ixtiologiya” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Fakültənin nəzdində 5-heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası, əczaçilıq və baytarlıq sanitariya ekspertizası, epizootologiya, mikrobiologiya və parazitologiya, yoluxmayan xəstəliklər kafedraları fəaliyyət göstərir.

Son illərdə fakültənin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulmuş, yeni laboratoriyalar, tədris və təcrübə mərkəzləri yaradılmışıdır: quşçuluq tədris-təcrübə mərkəzi; qapalı və açıq balıqyetişdirmə laboratoriyası; bildirçin yetişdirilməsi üzrə tədris mərkəzi; pataloji anatomiya muzeyi; baytar-sanitar ekspertizası laboratoriyası; əczaçılıq kimyası laboratoriyası və s.





 

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi üzrə

Təhsil alanların sayı:

Bakalavrlar-520

Magistrantlar-40

Doktorantlar-12

 

 Professor-müəllim və tədris-köməkçi heyətin sayı:

   Elmlər doktoru, professor-3

   Fəlsəfə doktoru, dosent-19

   Fəlsəfə doktoru, dosent əvəzi-2

   Baş müəllim-12

   Assistent-22

   Tədris-köməkçi heyət-24