Mühəndislik fakültəsi

Fizika və riyaziyyat

Fizika və riyaziyyat kafedraları ilk dəfə 1930-cu ildə ayrılıqda təşkil edilmiş və 2001-ci ilədək fəaliyyət göstərmişdir.

Fizika kafedrasının ilk müdiri rus alimi professor Y.B. Lopuxin olmuşdur. Sonra müxtəlif illərdə kafedraya prof. İ.V. Fiqurovski, Z.İ. Mustafayev, dos. Ç.M. Əsgərov,  prof. D.N. Kərimova və dos. E.H. Abdullayev rəhbərlik etmişlər.

Ali riyaziyyat kafedrasının ilk müdiri rus alimi A.N. Lapinskiy olmuş, sonra isə 1953-cü ilə qədər kafedraya Ə.K. Veysov rəhbərlik etmişdir. 1953-cü ildə bir neçə fənlər bu kafedraya birləşdirilmiş və Ali riyaziyyat, materiallar müqaviməti, maşın hissələri və yükqaldırıcı maşınlar kafedrası yaradılmışdır. 1953-1988-ci illərdə birləşmiş kafedraya t.e.d., professor M.Ə. Axundzadə rəhbərlik etmişdir. Ali riyaziyyat kafedrasının maddi-texniki bazasının təşkilində, fənnin yüksək səviyyədə tədris edilməsində, yeni istiqamət üzrə elmi tədqiqat işlərinin aparılmasında, istedadlı riyaziyyatçı alimlərin yetişdirilməsində prof. M.Ə. Axundzadənin əvəzsiz xidməti olmuşdur. Onun yaratdığı elmi məktəbdə örtüklər nəzəriyyəsinin əsası qoyulmuşdur. 1988-ci ildə kafedranın strukturu yenidən dəyişdirilmiş və Ali riyaziyyat kafedrası adlandırılmışdır. 1988-2001-ci illərdə kafedraya f.-r.e.d., professor İ.H.Tağıyev rəhbərlik etmişdir.

2001-ci ildə hər iki kafedra birləşdirilərək Fizika və riyaziyyat kafedrası adlandırılmış və 2009-cu ilədək fəaliyyətini davam etdirmişdir. Həmin dövrdə kafedraya  R.Z.Baratzadə rəhbərlik etmişdir. 2009-cu ildə Fizika və Riyaziyyat kafedralarının əsasındayaradılmış Aqrar fizika və riyaziyyat kafedrasına 01.04.2011-ci il tarixədək f.-r.e.d., professor S.Q. Rzayev rəhbərlik etmişdir. S.Q. Rzayev elmi nailiyyətlərinə və ixtiralarına görə 2007-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı ilə təltif edilmişdir. Fizika elminin inkişafında xidmətlərinə görə o 2005 və 2009-cu illərdə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir. 1995-ci ilin əvvəlində Nyu-York EA–nın həqiqi üzvü seçilmişdir.  1993-cü ildən 1996-cı ilədək respublikamızın prezidenti Heydər Əliyevin çağırışına cavab olaraq Azərbaycan ordusu sıralarında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.

2011-ci ildə kafedra Fizika və riyaziyyat kafedrası adlandırılmışdır və kafedra müdiri  f.r.e.n., dosent Q.Ü. Ağayev seçilmişdir. Hazırda kafedraya f.r.e.n., dosent  Q.Ü.Ağayev rahbərlik edir.