Mühəndislik fakültəsi

Pambıqçılığın inkişafında qarşıda duran vəzifələr geniş müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Saatlıda pambıqçılığın inkişafı məsələləri ilə bağlı çıxışından irəli gələn müddəaların yerinə yetirilməsi üçün ADAU-nun qarşısında duran vəzifələr təhsil müəssisəsində keçirilən müşavirədə geniş müzakirə edilib. Prezident İlham Əliyevin dediyi kimi;  “Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır”. Ölkə başçısı onu da qeyd edib ki, “Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək.”

Böyük auditoriya qarşısında müzakirə edilən bu məsələdə professor-müəllim heyəti ilə yanaşı tələbələr də fəal iştirak edib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov giriş nitqində mövcud vəziyyətə münasibətini bildirib, aqranom qıtlığının aradan qaldırılması üçün təkliflərini verib, eləcə də mütəxəssisləri dinləyib. Qeyd edib ki, ilk olaraq peşə hazırlığı məsələsi sürətləndirilməli, bununla yanaşı tədris proqramları günün tələblərinə uyğunlaşdırılmalı, laborotoriya avadanlıqları müasirləşdirilməli, tədris-təcrübə mərkəzləri genişləndirilməlidir. Bu halda biz ölkəyə tələb olunan kadrları verə bilərik.

Müşavirə toplantıda Aqrar Universitetdə yaradılan müasir təhsil şəraitindən və bu təhsil müəssisəsinə qəbul qaydalarının sadələşdirilməsindən də danışılıb. Vurğulanıb ki, rayon və kənd məktəblərindən əlaçı şagirdlərin seçilib imtahansız qəbul olunması da aqrar sahədə olan kadr qıtlığının aradan qaldırılmasını təmin edə bilər. Paralel olaraq qiyabi təhsilin genişləndirilməsi vacibdir və bu barədə də fikirlər səsləndirilib.