Mühəndislik fakültəsi

Mühəndislik fakültəsində yeni laboratoriyalar isifadəyə verilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil sisteminin köklü şəkildə modernləşdirilməsi hazırki dövrdə qarşıya qoyulmuş əsas vəzifədir. Son  illərdə universitetin maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması tədrisin keyfiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaradır və  aqrar mütəxəssis hazırlığına töhfələrini verir.

 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında  kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, kənd təsərrüfatı sahəsində ölkənin kadr hazırlığı mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin bütün laboratoriyaları tamamilə yenilənmiş, müasir avadanlıqla təchiz edilmiş və yeni təcrübə bazaları yaradılmışdır. Bununla bərabər, universitetin təlim planları və proqramları Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, 6 aprel 2017-ci il tarixində universitetin mühəndislik fakültəsində kənd təsərrüfatı texnikaları, meliorasiya və hidrotexniki qurğular tədris və elmi-tədqiqat laboratoriyalarının istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki,dövlət qayğısının hazırki səviyyəsi əmək bazarında  rəqabətədavamlı aqrar mütəxəssis, o cümlədən aqromühəndis və melorator kadrların hazırlanmasınahərtərəfli şərait yaradır. Rektor  qeyd edib ki, Saatlı rayonunda keçirilmiş pambıqçılığın inkişafına dair respublika müşavirəsində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev yekun nitqində kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmasının vacibliyni, eləcə də kadr çatışmazlığını, gənclərin bu sahəyə cəlb edilməsinin stimullaşdırılmasını,  bu istiqamətdə işlərin davam edəcəyini bildirib. Şübhəsiz ki, ölkə başçısının  proqram xarakterli nitqi universitet kollektivi qarşında çox mühüm və məsuliyyətli bir vəzifənin durduğunu göstərir. Qeyd olunan müşavirədə meliorasiya və  kənd təsərrüfatının texniki resurslara təminatı sahəsində görülmüş genişmiqyaslı işlərin vacibliyinin qeyd olunması universitetdə “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”və “aqromühəndislik” ixtisasları üzrə kadr hazırlığının da diqqət mərkəzində saxlanılmasını tələb edir. Hazırda həmin ixtisaslar üzrəuniversitetə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır, yəni tələbələr ödənişsiz təhsil alır və təqaüdlə təmin olunurlar. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə mühəndislik fakültəsinin tədris binasının əsaslı şəkildə yenidən qurulması, maşın-traktor parkının yaradılması, müasir laboratoriya avadanlıqları ilə təminat, habelə elmi-pedaqoji kadr potensialı onu deməyə əsas verir ki, burada mütəxəssis hazırlığı üçün hərtərəfli şərait yaradılmışdır.

Tədbirdə meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri Mirnaib Mirsalahov, kənd təsərrüfatı texnikası kafedrasının müdiri Nazim Nadirov və digər əməkdaşlar çıxış edərək yeni yaradılmış laboratoriyaların melorator və aqromühəndis kadrların hazırlanmasında, bu ixtisaslar üzrə təhsil alan tələbələrin praktiki bilik və bacarıqlarının inkişafında, innovasiyalı layihələrin işlənməsində, tələbələrin ideyalarının reallaşdırılmasında mühüm rol oynacağını qeyd etməklə, bütövlükdə aqrar təhsilə olan diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.