Aqrotexnologiya fakültəsi

“Tədris ilinin ən yaxşı rektoru” diplomunun təqdimatına və universitetin reytinq göstəricisinə həsr olunan yığıncaq keçirilib

          Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “2016/2017-ci tədris ilinin ən yaxşı rektoru” diplomunun təqdimatına və Azərbaycan Universitetlərinin reytinq cədvəlində universitetin 5-ci yer tutmasına həsr olunan yığıncaq keçirilib.

           Əvvəlcə qeyd etmək lazımdır ki, Qafqazın ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsi 2016/2017-ci tədris ilinin ən yaxşı rektorunu müəyyən edib. Sosial tələbə sorğusu bu dəfə 2 səsvermə əsasında müəyyən edilib. 85.000 istifadəçinin müşahidə edə bildiyi səsvermədə səslərin 41%-ni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov toplayıb. Artıq 2-ci dəfədir ki, qalib olan rektora diplomu təqdim edən səhifənin rəhbəri Zöhrab Süleymanov rektor başda olmaqla universitetin bütün professor-müəllim və tələbə heyətini  təbrik edib. O qeyd edib ki,  sorğu rektorun tədris ili ərzində aktivliyinə, tələbələr arasındakı nüfuzuna, tələbələr üçün əsl nümunəvi şərait yaratdığına görə bu ada layiq görülüb.

Səmimi təbriklərə və sorğunu təşkil edilməsinə görə təşəkkürünü bildirən rektor bildirib ki, dövətimizin qayğısının artması nəticəsində son illərdə ADAU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin və onların valideynlərinin universitetdən məmnunluğunun səviyyəsinin artmasının nəticəsidir ki, istər sosial şəbəkələrdə, istərsə də müvafiq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrində universitet ilk yerlərə layiq görülür. Buna misal olaraq Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) tərəfindən 2016-ci il üzrə müəyyən edilmiş ali məktəblərin reytinq göstəricilərində ADAU-nun ilk sıralarda yer tutmasını da göstərmək olar. Belə ki, qeyd olunan təşkilat tərəfindən nəşr olunmuş “Azərbaycan Respublikasının ali məktəblərinin reytinqi-2016” adlı kitabda respublikanın 21 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində universitet 729 balla Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci, respublikada 5-ci yerə layiq görülmüşdür. Reytinq cədvəlində Naxçıvan Dövlət Universiteti 1-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 2-ci, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 3-cü, Bakı Dövlət Universiteti 4-cü yerdədir. Aparılmış reytinq tədqiqatlarının bütün materialları layihənin internet saytında yerləşdirilmişdir (www.rating.edu.az ).

Qeyd etmək lazımdır ki, 2014-ci il üzrə müəyyən edilmiş reytinq göstəricilərində ADAU 658 balla 7-ci yerdə olmuşdu.

Yığıncaqda iştirak edən universitet əməkdaşlar və tələbələr çıxış edərək əldə olunmuş uğur münasibətilə rektoru və kollektivi təbrik ediblər.