Aqrotexnologiya fakültəsi

Milli mənəvi dəyərləri yaşadan Novruz, Azərbaycan Dövlət Aqrar Universitetin fakültələrində coşqu ilə qeyd edilib

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri olan Novruz bayramı xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bir dəyərdir. Bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidi də əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəkləyir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.

Bu müqəddəs bayram təhsil müəssisəsinin bütün fakültələrində yüksək coşqu və böyük məhəbbətlə qeyd edilib. Süfrələr səməni, şirniyyatlar və bərəkət rəmzləri ilə  bəzədilib. Milli geyimli tələbə qızlar və oğlanlar bayram sevincini rəqslər, mahnılar, eləcə də novruza aid səhnəciklərlə yaşayıb. Aqranomluq fakültəsində isə tədbir daha mıhtəşəm formada qeyd edilib. Fakültənin dekanı Məhərrəm İsmayılov müqəddəs günün dəyərlərindən danışıb, dövlətin bu bayramı dünya səviyyəsində tanıtmasından söz açıb və universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından tədbirə toplaşanları təbrik edib.

Rəngarəng musiqilər, mahnı və rəqslər, yumoristik səhnəciklər tədbirin dəyərini qat-qat artırıb. Tələbələrin müəllimləri ilə birgə rəqsləri isə bayrama xüsusi şirinlik gətirib.

Bayram şənliyi alovlanan tonqalın ətrafında davam edib və tələbə dünyasına Novruz bayramı doğrudan da yeni gün kimi yazılıb.