Aqronomluq fakültəsi

Azərbaycan Dövlət Aqrar Universitetində alim Famil Şərifov adina auditoriya açılıb

Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alimlərin adına auditoriya yaradılması ənənəsi bu gün də davam etdirilir. Yaradılan bu cür auditoriyalar tədrisin keyfiyyətini yüksəltməklə yanaşı elmi xidmətləri ilə şöhrət qazanan alimlərin xatirəsinin əbədiləşdirilməsində, nəsillərə ötürülməsində də mühüm əhəmiyyət daşıyır. Ən başlıcası tələbə oxuduğu təhsil müəssisəsində kimlərin elmi zəhməti olduğunun şahidinə çevrilir.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, belə alimlərdən biri də təkcə respublikada deyil, onun hüdudlarından kənarda belə böyük şöhrət qazanan üzümçü alim Famil Şərifov olub. Təkcə Universitetin Aqranomluq fakültəsində 6 bu cür auditoriya yaradılıb ki, bu da keçmişlə bu günü bağlayır və elmi dəyərlərə malik insanların daimi yaşamasına təminat verir. Fakültədə 7-ci auditoriyanın açılışı da məhz bu ənənələrin davam etdiyindən xbər verib. Həsən Əliyev, Mehdi Mustafayev, Validə Tutayuk, Faiq Məmmədov, İmam Mustafayev, Məmmədtağı Cəfərov adına auditoriyalar da məhz bu məqsədlə yaradılıb. Ümumilikdə Dövlət Aqrar Universitetində da bu gün 11 adli auditoriya fəaliyyət göstərir.
Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Famil Şərifovun dəyərli alim kimi xidmətlərindən danışıb və üzümçülüyün inkişafında alimin zəhmətinin əvəzsiz olduğunu, adlı auditoriyalar ənənəsinin bundan sonra da davam etdiriləcəyini söyləyib. 
Universitetin professor və müəllimləri, tələbələr, alimin yetirmələri də tədbir iştirakçıları ilə xatirələrini bölüşüb, Famil müəlimin insan kimi də əvəzsiz olduğunu bildiriblər. 
Məlumat üçün deyək ki, Famil Şərifov 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləyib. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olub və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında-indiki ADAU da-assistent, dosent və kafedra müdiri vəzifələrində çalışıb. 
Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparıb. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar sensasiyalı geniş miqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil edib. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınıb. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilib. 
F.Şərifovun bu sahədəki işləri 1988-1989-cu illərdə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində də nümayiş etdirilib, medal və pul mükafatına layiq görülüb. İyirminci əsrin 80-ci illərində Azərbaycanda ilk dəfə olaraq üzümün kombaynla yığımı üçün aqrofon yaradıb və Rusiya mütəxəssisləri ilə birlikdə üzümün kombaynla yığımını təşkil edib. 2002-ci ildə dövlət sifarişi ilə AzTV-nin çəkdiyi ″Azərbaycan üzümü″ telefilminin salnaməçisidir. 2005-ci ildə Azərbaycan üzümçülüyü tarixində ilk dəfə olaraq çapdan çıxan ″Azərbaycan üzümü″ atlasının müəllifidir. O, Fransa, İtaliya, Türkiyə və Çin üzümçüləri ilə sıx əlaqə qurub və birgə layihələrdə fəaliyyət göstərib. Azərbaycanda ilk özəl üzümçülük məktəbinin yaradıcısı və rəhbəridir. “Nail” üzüm sortunun müəllifidir.
Beynəlxalq və Respublika sərgilərində dəfələrlə fəal iştirakına görə kənd təsərrüfatı nazirliyinin fəxri fərmanlarına layiq görülüb. 
Üzümçülükdə bir sıra yeniliklərə nail olub: 
-Üzümçülükdə intensiv və super-intensiv becərmə texnologiyalarının işlənib hazırlanması;
-Üzümlüyün 2-ci ilində 6-8 ton, 4-5-ci ilində 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası;
-Üzümçülükdə şirin ( üzüm ) konveyerinin elmi əsasları;
-Super-intensiv becərmə texnologiyasının tələblərinə uyğun yeni modifikasiyalı geniş fəzalı şaquli şpalerin parametlərinin hazırlanması;
-Üzümlükdə bilavasitə kolla bağlı əl əməyinin 60-65 faiz azaldılması;
-Tinglikdən ting çıxımının 2 dəfəyə qədər artırılması.
Professor F.Şərifov uzun illər üzümçülük və şərabçılıq kafedrasının müdiri işləyib. 150-ə qədər əsəri vardır və Respublikanın bir çox üzümçülük təsərrüfatlarının məsləhətçisidir. «Azərbaycan Respublikasının əməkdar müəllimi» adına layiq görülüb.
Sonda Famil Şərifovun oğlu Mobil Şərifov ailə adından tədbirin təşkilatçılarına və iştirakçılar minnətdarlığını bildirib.