Aqronomluq fakültəsi

ADAU tələbələri Goranboyda pambıq sahələrində oldular

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq fakültəsinin müəllim və tələbələri Goranboy rayonunun pambıq sahələrində son vegetasiya işləri ilə tanış olub.

Strateji əhəmiyyət daşıyan pambıqçılıq tədris müəssisəsinin sözügedən fakültəsində elmi cəhətdən araşdırılır, tədris edilir, öyrənilməsi və təcrübəyə tətbiqi üçün ən zəruri və müasir  metodlardan istifadə edilir, tələblərə bu sahənin incəlikləri nəzəri cəhətdən tam mənası ilə çatdırılır. Təbii ki, tədris təkcə nəzəriyyə ilə kifayətlənmir. Tələbə bu bitkinin əkinindən tutmuş son vegetasiya işlərinə qədər onu sahələrdə izləyir və auditoriyalarda öyrəndiklərini təcrübədə sınayır. Hətta torpağın əkinə hazırlanması mərhələsində belə iştirak edir.

Təhsil müəssisənin çoxsaylı tələbə və müəllim heyəti son vegetasiya işlərini izləmək üçün yenidən pambıq sahələrinə baş çəkib, mövcud durumla ətraflı tanış olublar. Sahədə Aqranomluq fakültəsinin dekanı, professor Məhərrəm İsmayılov tələbələrə pambıq yığımının son mərhələsi haqqında ətraflı məlumat verib. Bundan sonra tələbələr pmbıq sahəsinə daxil olub, nəzəri bilikləri pambığın son mərhələsi ilə uyğunlaşdırıblar. Hətta tələbələr könüllü şəkildə sahədə qalan pambıq yığımına qoşulub, ağ qızılın yığım texnologiyasını belə sınaqdan keçiriblər.

Qürurla demək olar ki, pambıq sahələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərə Aqrar universitetin professor-müəllimləri də böyük ruh yüksəkliyi və coşqu ilə qoşulub. Onlar ilk növbədə bu sahənin inkişafını təmin edəcək kadr hazırlığını hədəf götürüb və məqsədə doğru da qətiyyətli addımlar atırlar. Elə bu səbəbdən də onlar tələbələrin pambıq sahlərində bütün mərhələlərdə iştirakına daha çox üstünlük verirlər.