Aqronomluq fakültəsi

Aqronomluq fakültəsində Ulu Öndər yad edilib

Azərbaycan Dövlət Aqrar Universitetin Aqronomluq fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Aqronomluq fakültəsinin dekanı dosent Məhərrəm İsmayılov açıb, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Fakültənin Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri dosent Arif Hüseynov, biologiya kafedrasının müdiri  professor Zaur Hümbətov və ikinci kurs ekologiya ixtisasının tələbələrindən  Elgün  Mahmudov, Əsmər Məmmədova ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, müstəqil dövlətimizin memarı və qurucusu olan dahi şəxsiyyətin  müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin tərəqqisinə həsr edən ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib. Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanıb.