Aqronomluq fakültəsi

ADAU-da magistrantlar üçün geniş tədqiqat imkanları var

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) magistratura səviyyəsində tədris prosesinin və elmi-tədqiqat işlərinin müasir tələbələrə uyğun yenidən qurulması istiqamətində aparılan işlər yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək magistr hazırlığının təmin edilməsinə yönəlmiş hədəfə çatmaq üçün geniş imkanlar yaradıb. 2017/2018-ci tədris ilində magistratura səviyyəsi üzrə birinci kursa qəbul olmuş tələbələrlə görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək son illərdə universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinin magistr hazırlığının səviyyəsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini bildirib. Qeyd olunub ki, həyata keçirilən tədbirlərin növbəti mərhələsi kimi, 15 sentyabr 2017-ci il tarixində, “Bilik günü”ndə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun, Türkiyə, Çin Xalq Respublikası və Hindistanın ölkəmizdə səlahiyyətli səfirlərinin, aparıcı şirkət və müəssisələrin iştirakı ilə açılmış virtual auditoriya, John Deere təlim mərkəzi, baytarlıq kilinkası, süni mayalanma tədris mərkəzi, eksperimental heyvandarlıq kompleksi, toxumçuluq və aqrokimya laboratoriyaları, Gilan Holdinq auditoriyası universitetdə təhsil alan magistrantlara səmərəli elmi-tədqiqat işlərinin aparılması üçün hərtərəfli şərait yaradır. Yaradılmış imkanlardan səmərəli istifadə etmək, dissertasiya işlərinin mövzularının düzgün müəyyən edilməsi, praktik əhəmiyyət daşıyan işlərin sayının artırılması qarşıda duran ən mühüm vəzifələrdən biri olduğu qeyd olunub.

Magistrantların xarici dil biliklərinin artırılması, beynəlxalq mübadilə proqramlarında iştirak, aparıcı elmi-tədqiqat müəssisələrinə təcrübəyə göndərilmə, stimullaşdırıcı təqaüdlərin verilməsi kimi vacib məsələlərə  də toxunan rektor aidiyyəti üzrə tapşırıqlar verib, magistrantları maraqlandıran sualları cavablandırıb.