Aqronomluq fakültəsi

Poznan (Polşa) Təbiət Elmləri Universitetinin professoru Qreqori Raçzka (Grzegorz Raçzka) ADAU-ya işgüzar səfər etmişdir

Poznan (Polşa) Təbiət Elmləri Universitetinin Meşə Təsərrüfatı Fakültəsinin xarici əlaqələr üzrə rəhbəri prof. Qreqori Raçzka (Grzegorz Raçzka) 13-15 fevral 2017-ci il tarixində işgüzar səfər etmişdir. Səfərin başlıca məqsədi Poznan Universiteti ilə Ekologiya və meşəçilik kafedrasının birgə Erasmus+ (E+) qrantı çərçivəsində 2016/2017 və 2017/2018-ci tədris illərində həyata keçiriləcək layihənin bütün detallarını müzakirə edərək ümumi qərar qəbul etməkdən ibarətdir. Layihə çərçivəsində hər universitetdən 2 professor - müəllim heyətinin qarşılıqlı mühazirələr keçməsi və bir semestr ərzində (5 ay müddətində) meşəçilik ixtisası üzrə təhsil alan 3-5 magistrantın mübadiləsi nəzərdə tutulur.

Poznan universiteti tərəfindən layihə koordinatoru prof. Qreqori Raçzka, ADAU tərəfindən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aygül Bağırova və prof.  əvəzi Zakir İbrahimovun iştirakı ilə ADAU-nun beynəlxalq əlaqələr şöbəsində layihənin icrasına dair məsələlər müzakirə edilərək razılaşma əldə edildi.

Poznan universitetinin layihə koordinatoru prof. Qreqori Raçzkanı narahat edən məsələlərdən biri isə Polşadan Azərbaycana uzunmüddətli səfər edən tələbələrin məişət problemləri, onların yerləşdirilməsi məsələsi idi. Lakin ADAU-nun yeni istifadəyə verilmiş tələbə yataqxanası (CAMPUS) ilə yaxından tanış olduqda belə fikir ifadə etmişdir: “Mən indi Polşadan olan tələbələrimi tam rahatlıqla Azərbaycana, ADAU-ya göndərə bilərəm. Onlara yüksək şəraitin yaradılacağına, 24 saat müddətində təhlükəzliyinin təmin olunmasına əmin oldum”.

Polşadan olan qonaq Ekologiya və meşəşilik kafedrasında keçirilən PhD dissertasiyasının ilkin müzakirəsində də  iştirak etdi.