Aqronomluq fakültəsi

ADAU-da akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü keçirilib

 Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının  icrası ilə  əlaqədar təsdiq olunan tədbirlər planına əsasən 2018-ci il oktyabrın 11-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü keçirilib.

Tarla gününün məqsədi Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə  ADAU-nun Taxıl və paxlalı bitkilər laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin nəticələrini müzakirə və fermerlərə təqdim etmək olub. Tarla günündə ADAU-nun rayonlaşdırılmış qarğıdalı sortları (ADAU-80 və Məhsuldar) nümayiş etdirilib, yeni qarğıdalı hibridlərinin alınma metodikası təqdim edilib. Təcrübə sahəsində payızlıq taxılların məhsulu yığıldıqdan sonra şum aparılmadan (sıfır-becərmə) qarğıdalı səpilmişdir, nəticədə bir ildə iki məhsul yığılmaqla bərabər torpaq, su resursları mühafizə edilib, qlobal istiləşmə yaradan karbon qazı emissiyası azaldılıb  və xərclərə qənaət edilib.

Tarla gününü giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademik Cəlal Əliyevin həyat yolu, elmi nailiyyətləri, elmi məktəbinin davamçıları, müəyyən etdiyi elmi istiqamətlər üzrə araşdırmaların əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, dünyada 150 milyon hektardan çox ərazidə sıfır-becərmə texnologiyası tətbiq olunur və bu texnologiya hər il əlavə 8-10 milyon hektarda tətbiq olunur. Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə sıfır-becərmə və ya torpaqqoruyucu əkinçilik – təbii resursları və ətraf mühiti mühafizə edən, biomüxtəlifliyi və təbii bioloji prosesləri canlandıran yanaşma olmaqla aqroekosistemlərin təkmilləşdirilməsini, dayanıqlı məhsuldarlığı və ərzaq təhlükəsizliyini təmin edən bir sistemdir.

Tarla günündə ADAU-nun Aqronomluq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Əkinçilik Elmi Tədqiqat İnstitunun Tərtər Bölgə Təcrübə Stansiyası, Region Agroparkı, AgroDairy MMC, Türyançay MMC, Amin toxumçuluq təsərrüfatı, ətraf rayonların fermerləri və iş adamları iştirak edib.

  

  

--