Aqronomluq fakültəsi

Fakültənin tarixi

      Azərbaycan Dövlət Aqrar Universitetinin ən qocaman fakültəsidir. 1920-ci ildə Azərbaycan Politexnik İnstitutunda fəaliyyət göstərən səkkiz kafedradan beşi aqronomluq profilli idi. Bunlar botanika, meteorologiya, torpaqşünaslıq, ümumi əkinçilik və bitkiçilik idi. 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılanda və ilk əvvəl adı bitkiçilik, tarlaçılıq fakültəsi, daha sonra isə aqronomluq fakültəsi adı ilə təşkil edildi.

     Görkəmli dövlət xadimlərinin, əmək qəhrəmanlarının bir çoxu, habelə akademiklərdən Həsən Əliyev, İmam Mustafayev, Ələkbər Quliyev, Əbdürrəhman Güləhmədov, Kazım Ələkbərov, Siddiqə Məmmədova, Məmmədtağı Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və başqaları aqronomluq fakültəsinin məzunlarıdır.

    Torpaqşünaslıq və aqrokimya, bitkiçilik və bitki mühafizəsi, ümumi əkinçilik , genetika və seleksiya, ekologiya mühəndisliyi və meşəçilik, bağçılıq, biologiya kafedralarının kollektivləri pedaqoji və tədris-metodiki fəaliyyətlə yanaşı, həm də kənd təsərrüfatı elminin müxtəlif sahələri üzrə geniş elmi-tədqiqat işi aparır, respublikanın qabaqcıl fermerləri ilə yaxından əlaqə saxlayaraq, onlara əməli yardım göstərir, öz elmi axtarışlarının nəticələrini müxtəlif torpaq-iqlim zonalarındakı təsərrüfatlarda sınaqdan keçirirlər.