Aqrobiznes və idarəetmə fakültəsi

Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan "Təbiəti sevənlər unudulmur" mövzusunda seminar keçirilib

Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illi tamam olur. Bu münasibətlə aqronomluq fakültəsində "Təbiəti sevənlər unudulmur" mövzusunda seminar keçirilib.

 Azərbaycanda coğrafiyanın, torpaqşünaslığın, əkinçiliyin, bitkiçilik elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin, o cümlədən ekologiya və meşəçiliyin simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətlərindən danışılıb. Seminarı universitetin rektoru,  AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq qeyd edib ki, Həsən Əliyev bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr verən görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınan ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.

 Çıxışlarda Həsən Əliyevin cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verməsindən danışılıb, bildirilib ki, akademikin "Həyəcan təbili" əsəri təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır.