Aqrar iqtisadiyyat fakültəsi

Hindistan səfiri universitetimizdə

           Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Səfirlə görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi, müasir durumu, aqrar təhsilin inkişafı üçün universitetə dövlət dəstəyi, əməkdaşlığın prioritet istiqamətləri barədə danışıb. Qəbul görə təşəkkürünü bildirən səfir ölkədə yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU ilə Hindistanın aparıcı  universitetləri və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin qurulması və inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib.

          Görüşdə əməkdaşlığın ilkin mərhələsi olaraq Hindistanlı alimlərin və mütəxəssislərin ADAU-da mühazirə oxumaları, müəllim və tələbələrin mübadiləsi, habelə tədrisi ingilis dilində olan “aqronomluq” və “iqtisadiyyat” ixtisaslarında Hindistanlı tələbələrin, ADAU tələbələrinin həmin ölkədə təhsil almaq imkanları müzakirə olunub.

        Görüşdən sonra universitetin maddi-texniki bazası ilə yaxından tanış olan səfir burada müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərinin yerinə yetirmək üçün böyük imkanların olduğunu qeyd edib.