Universitetimizin əməkdaşı beynəlxalq seminarda iştirak edib

2017-ci il fevral ayının 16-17 tarixlərində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir. 30-dan çox ali təhsil müəssisəsinin qatıldığı tədbir Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin  beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nərmin Şəfiyeva iştirak etmişdir.  Seminarın keçirilməsində əsas məqsəd keyfiyyətin təminatı sahəsində mövcud vəziyyət, institusional və milli səviyyələrdə keyfiyyətin yüksəldilməsi imkanları barədə fikir mübadiləsi aparmaq olmuşdur.
Seminarda Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsi Elm sektorunun müdiri Vüqar Məmmədov, Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova ölkəmizdə ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi istiqamətində görülən işlərdən danışmış, bildirilmişdir ki, keyfiyyət təminatı şöbəsinin fəaliyyət göstərməsi vacib məqamdır. Belə bir strukturun mövcudluğu ali təhsilin keyfiyyətinin təkmilləşdirilməsinə töhfə verir, eyni zamanda universitetlərdə ümumi tədris prosesinin gedişinə müsbət təsir göstərir.  Avropa Universitetlər Assosiasiyasının ali təhsil siyasəti bölməsinin eksperti Teresa Zanq ali təhsildə keyfiyyət təminatının mövcud vəziyyəti barədə  məruzə ilə çıxış etmişdir . O, həmçinin Azərbaycanın ali təhsil müəssisələrinin keyfiyyət şöbələrinin əməkdaşları ilə müzakirələr aparıldığını da bildirmişdir.