Türkiyənin Gəncədəki Baş konsulluğunda Xocalı soyqırımının ildönümü qeyd edilib

 Xocalı soyqırımı ilə bağlı  Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğuda geniş tərkibli tədbir keçirilib. Tədbirə iş adamları, universitetlərin  professor-müəllimləri, media nümayəndələri və  tələbələr  dəvət olunmuşdular. Çıxış edənlər xalqımızın yaşamış olduğu Xocalı soyqırımından danışıb, tarixi həqiqətləri dilə gətirib, şəhid olanların ruhuna ehtiramlarını bildiriblər.

Konsulluqda keçirilən anım mərasimində Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elgün Aslanov, Yerquruluşu  kafedrasının dosenti Aslan Alıyev, Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi Elşad Qarayev də iştirak edib.

Tarixçi Elgün Aslanov çıxış edib və bildirib ki, cinayətkar erməni və rus  qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil.