"Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı" mövzusunda elmi-praktik konfrans keçirilib

5 may 2017-ci il tarixində ADAU-da 2016-cı ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına dair və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunan "Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə təhsil müəssisənin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb və  bildirib ki, respublika iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ərzaq təminatının yaxşılaşdırılması kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafından asılıdır. Azərbaycanda bu sahədə inkişafın təməli 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin Aəzrbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə nəzarətində olan ən ümdə vəzifələrdən biri kənd təsərrüfatının inkişafı olub. Qeyd olunan illərdə həyata keçirilən tədbirlər nəticəsində respublikanın kənd təsərrüfatında çox böyük irəliləyişlər baş verib, taxıl istehsalı 2,1, pambıq istehsalı 1,9, tütün istehsalı 2,3, tərəvəz istehsalı 2,5, meyvə və giləmeyvə istehsalı 6,6, üzüm istehsalı 6,7, çay istehsalı 2,8 dəfə artıb. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan hər il ardıcıl olaraq SSRİ rəhbərliyinin keçici qırmızı bayrağına layiq görülüb.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatında tənəzzülün qarşısının alınmasına və iqtisadi artımın təmin olunmasına səbəb olub. Məhz onun müəllifi olduğu aqrar islahat modeli Azərbaycanda 892000 kənd ailəsini və ya 3,4 mln nəfəri 1,4 mln hektar torpaq sahəsinin mülkiyyətçisinə çevirib. 1993-2003-cü illərdə Heydər Əliyev tərəfindən imzalanan 50-dən çox fərman, qanun, sərəncam və digər normativ hüquqi aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaradıb. Ulu öndərin diqqət və qayğısı ilə daim əhatə olunan Azərbaycan kəndlisi 1999-cu ildən etibarən torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyevin aqrar siyasət kursu nəticəsində bu gün kənd təsərrüfatı istehsalçılarına dövlətin qayğısı daha da artıb, onlara dövlət büdcəsindən subsidiyalar, güzəştli qiymətlərlə kənd təsərrüfatı texnikaları, mineral gübrələr və cins mal-qara verilir.

Ölkə prezidenti cənab İlham Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransındakı nitqində “Hər il “Kənd təsərrüfatı ili” olmalıdır” ifadəsi onun kənd təsərrüfatının inkişafına daimi diqqət və qayğısının bariz nümunəsidir ki, bu gün əksər strateji bitkiçilik məhsulları olan pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və s. əvvəlki şöhrətini bərpa edir.

Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası və inkişaf etidirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər kənd təsərrüfatının innovativ inkişafına, aqroparkların yaranmasına, peşəkar aqrar mütəxəssislərin hazırlanmasına töhfələrini verməkdədir.

Mətbuat xidmətinin xəbərində həmçinin bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universitetində aparılan elmi-tədqiqat işlərinin aqrar sahədə sahibkarların tələblərinə uyğun yerinə yetirilməsinin, alınan nəticələrin istehsalatda tətbiqinin və kommersiyalaşdırılmasının vacibliyini vurğulayan rektor universitet əməkdaşları qarşısında duran başlıca vəzifələrdən, o cümlədən yeni yaradılan laboratoriyaların, mərkəzlərin, tədris-təcrübə təsərrüfatının potensial imkanlarından səmərəli istifadə edilməsindən, aparıcı aqrobiznes şirkətləri ilə əlaqələrinin genişlənməsindən, yerli və beynəlxalq səviyyəli layihələr hesabına birgə elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılmasından da ətraflı danışıb.

2016-cı ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına dair elmi işlər üzrə prorektor,professor əvəzi Nizami Seyidəliyev hesabat verib. Universitetdə elmi-tədqiqat işlərin yerinə yetirilməsində 31 kafedra, 2 sahəvi laboratoriya, 1 istiqamət, 5 problem və 18, o cümlədən Dövlət qeydiyyatından keçən 9 mövzu üzrə 534 əməkdaşın iştirakını qeyd edib.

Hesabat ilində universitetin əməkdaşları tərəfindən 4 monoqrafiya, 27 dərslik, 38 dərs vəsaiti, 1124 məqalə, (1021-i respublikada, 103-ü xaricdə, 3-ü impakt faktorlu jurnalda), nəşr olunub, 1 qarğıdalı sortu (“Məhsuldar”), 11 patent və 9 müəlliflik şəhadətnaməsi alınıb, 8 plakat, 2 xəritə hazırlanıb.

Universitetimizdə doktorantura səviyyəsində yüksək ixtisaslı mütəxəssis hazırlığı istiqamətində də uğurlu işlər aparılıb. Bunun nəticəsidir ki bu il 15 nəfər fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, 4 nəfərin fəlsəfə doktorluğu dis­sertasiyasının müzakirəsi üçün Ali Attestasiya Komissiyası tərəfindən müvafiq icazə verilib, AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda müdafiələri planlaşdırılıb. 18 nəfər fəlsəfə doktorluğu üzrə ilkin müdafiə edib, attestasiya sənədləri icazə üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edilib. AAK 4 nəfərin fəlsəfə doktorluğunu təsdiq edib. 2016-cı ildə doktoranturaya 33 nəfər qəbul olunub.

2016-ci ildə ADAU-nun bir qrup professor-müəllim heyəti və tələbələri Türkiyə, Norveç, Böyük Britaniya, Almaniya, ABŞ, Rusiya, Yaponiya, Belarus, Ukrayna, Macarıstan, Qazaxıstan, Tacikistan, Gürcüstan, Polşa, Qırğızıstan, Koreya, İsveç, Çin Xalq Respublikası və s. ölkələrin qabaqcıl ali təhsil müəssisələrində konfranslarda, simpoziumlarda və təcrübə mübadilələrində olub.

Kənd təsərrüfatı texnikası kafedrasının müdiri, dosent Nazim Nadirov “Ərzaq təhlükəsizliyində enerjiyə qənaət texnologiyalarının rolu”, heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasının dosenti Mahir Haciyev “Ətlik-yumurtalıq toyuq cinslərinin bioloji və təsərrüfat xüsusiyyətləri”, maliyyə və iqtisadi nəzəriyyə kafedrasının dosent əvəzi Elçin Salahov “Azərbaycanda kənd təsərrüfatının inkişafının maliyyə problemləri”, əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrasının dosenti Dursun Adigözəlova “Bioekoloji amillərin tut ipəkqurdunun bioloji göstəricilərinə təsiri”, bağçılıq kafedrasının baş müəllimi, fəlsəfə doktoru Məhsəti Ələkbərova “Kardinal və çəhrayı tayfı üzüm sortlarının fenologiyası”, Mühasibat uçotu və audit kafedrasının assistenti İsa Şəfiyev “Mühasibat (maliyyə) hesabatının təhlilinin qaydası və üsulları” mövzularında məruzə edib.

Konfrans 6 bölmədə işini davam etdirib və ümumilikdə 120 məruzə dinlə­nil­ib.