Azərbaycan Dövlət Aqrar Universitetində “Mən necə karyera qurdum” adli layihəyə start verilib

Azərbaycan Dövlət Aqrar Universitetində “Mən necə karyera qurdum” adlı daha bir layihəyə start verilib. Bu  layihədə  əsas məqsəd  tanınan  iş adamları ilə ixtisaslar üzrə tələbələrin görüşünün keçirilməsidir. Görüşdə  iş adamları tələbələrlə geniş söhbətlər edəcək,  onları maraqlandıran suallara cavab verəcək və tələbələrin içərisindən  öz müəssisələrində çalışmaq üçün kadrlar seçəcək.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, şəxsi karyeranı qurmaq bu təhsil müəssisəsində əsas məsələ olduğundan iş adamları ilə tələbələrin mütəmadi görüşləri təşkil edilir. Beləliklə bilik və təcrübə baxımdan seçilənlərin təsərrüfatlarda məşğulluğunun təmin edilməsi üçün yollar açılır. "Mən necə karyera qurdum?" layihəsinin əsas hədəfi həm də işlə təmin edilmək üçün sahibkarlarla görüşdür, tələbənin ali məktəbi bitirdikdən sonra məşğul əhali qrupunda yer almasıqdır.

ADAU-nun şöbə müdiri Hümbət Camalov deyib ki,  artıq bu istiqamətdə bir neçə tədbir keçirilib və əsas məqsəd tələbələrin iş adamlarının təcrübəsini öyrənməsidir. Gəncəyə yaxın fermer təsərrüfatlarının rəhbərləri, tanınan iş adamları ilə ixtisas üzrə tələbələrin görüşünü təşkili də buna görə keçirilir. Bununla yanaşı iş adamları  tələbələr arasından kadr seçmək imkanı da qazanırlar.

Samux rayonu “Birlik” MMC-nin təsisçisi və rəhbəri Məmməd Ələkbərovla keçirilən ilk tədbirdə Aqronomluq ixtisasının tələbələri böyük iş təcrübəsi olan təsərrüfat sahibinin uğurlu işləri barədə məlumatlandırılıb. Öz işini qurmaq üçün lazım olan tövsiyələr və onlar üçün maraqlı olan müxtəlif səpkili suallara cavablar verilib və bu da gələcəyin məzunları üçün az əhəmiyyət kəsb etməyib.

2 aylıq layihədə 12 iş adamı universitetdə təhsil alan  müxtəlif ixtisaslardan olan tələbələrlə görüşəcək, biznesin qurulmasından danışacaq, gələcəkdə daha yaxşı tələbələri seçib təsərrüfatında işlə təmin edəcək.