Aqrar Universitetin alimlərinin rayonlarda təlimləri davam edir

           

ADAU-nun aqronomluq fakültəsinin bir qrup professor və müəllim heyətinin növbəti təlimi Ağcabədi rayonunda keçirilib. Təlimdə pambıq və taxıl bitkilərinin becərilməsi ilə məşğul olan fermerlər iştirak ediblər.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında keçirilən tədbirdə əvvəlcə təlimin məqsədi barədə məlumat verilib. Bildirilib ki, Universitetin əməkdaşları mütəmadi olaraq rayonlarda fermerlərlə görüşərək təsərrüfat sahiblərinin çətinlikləri ilə maraqlanır, onların bilik və bacarıqlarının artırılması istiqamətində bu tip marifləndirici görüşlər keçirirlər.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının aqrar elmlər üzrə elmlər doktoru, professor əvəzi Nizami Seyidəliyev “Pambıqçılığın mövcud problemləri və həlli yolları” mövzusunda çıxış edərək bu sahədə rast gəlinən çətinliklər və onların həll yolları barədə təsərrüfat sahiblərinə məlumat verib. O, həmçinin torpağın gübrələnməsinin əhəmiyyəti və bol məhsul əldə etmək üçün mineral gübrələrdən istifadənin zəruruliyindən də bəhs edib.

Kafedranın dosenti ,ADAU-nun professoru, əməkdar kənd təsərrüfatı işçisi, Firudin Qurbanov isə “Taxıl bitkilərinin toxumçuluğu” barəsində danışaraq fermerləri bu sahədə diqqətli olmağa çağırıb. Professor qeyd edib ki, toxum etibarlı yerdən alınmalı və onun keyfiyyətinə əmin olduqdan sonra səpin aparılmalıdır.

 Həmin kafedranın dosenti, Elxan Allahverdiyev pambıq və taxıl bitkiləri əkilən sahələrdə rast gəlinən alaqlar və onlarla mübarizə məslələrindən söz açıb. Səpinə göstərilən aqrotexniki tələblər və toxumun səpin üçün hazırlanması sahəsində fermerləri maarifləndirib. 

Kafedranın assistenti Zaur Məmmədov torpağın becərilməsi məsələləri barədə , səpin müddəti , səpin üsulları , səpin dərinliyi haqqında məlumat verib. Fermerlərə bu tədbirlərin məhsuldarlığın yüksəldilməsində vacib rolunu qeyd edib. 

Bitkiçilik və bitki mühafizəsi kafedrasının dosenti Vusal Məmmədov isə dənli taxıl bitkilərinin və pambığın xəstəlik və zərərvericiləri, onlara qarşı aparılan inteqrir mübarizə üsullarından bəhs edib. Həmçinin pestisid seçimində və tətbiqində fermerlərin diqqət edəcəyi məqamlar barədə məlumat verib.

Ağcabədi DAİM-in direktoru Abbas Süleymanov bildirib ki, belə təlimlər fermerlər üçün çox əhəmiyyətli və faydalıdır.Təlimdə iştirak edən professor-müəllim heyətinə təşəkkür edib.Təlim iştirakçıları belə qərara gəliblər ki, növbəti təlim əkin sahələrində təşkil edilsin.

Təlim qarşılıqlı diskusiya şəkilində davam edib. Fermerləri maraqlandıran suallar cavablandırılıb.