Amerikalı alim ADAU-da əməkdaşlarla birgə təhsil proqramı üzərində işləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 20 sentyabr 2017-ci il tarixli 379 nömrəli qərarı ilə "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "7.Kənd təsərrüfatı ixtisasları qrupu" bölməsinə  “050710-Bitki mühafizəsi”, “050711-Bağçılıq və tərəvəzçilik” və “050712-Şərabçılıq” ixtisasları əlavə olunmuşdur. Artıq 2018/2019-cu tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qeyd olunan ixtisaslar üzrə tələbə qəbulu aparılacaqdır. Universitetdə ixtisasların təhsil standartının əmək bazarının tələblərinə, beynəlxalq standartlara, Bolonya prosesinin tələblərinə uyğun hazırlanması məqsədilə müvafiq işlər aparılır. Bu işlərin tərkib hissəsi kimi, “Bitki mühafizəsi” ixtisası üzrə təhsil standartının beynəlxalq hazırlanması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında  Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan  “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi“  çərçivəsində beynəlxalq məsləhətçinin cəlb olunması üçün Dünya Bankına layihə göndərilmiş və uyğun olaraq layihənin texniki tapşırığı ADAU-nun əməkdaşları ilə birlikdə hazırlanmışdır. Dünya Bankı tərəfindən elan olunmuş müsabiqədə Amerika Birləşmiş Ştatlarının İllinoys Universitetinin professoru Mohammad Babadoost seçilmişdir. Hazırda o, universitet əməkdaşları ilə birgə ixtisasın dövlət standartını, o cümlədən tədris planını hazırlayır. Layihə çərçivəsində bitki mühafizəsi istiqaməti üzrə magistratura səviyyəsində təhsil standartı da yenidən hazırlanacaqdır.

Qeyd edək ki, professor Mohammad Babadoost  2017-ci ilin noyabrın 24-dən dekabrın 24-dək ADAU-da səfərdədir.