ADAU-nun rektoru Yardımlı rayon məktəbliləri ilə görüşüb

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində Yardımlı rayon məktəbliləri ilə keçirilən görüşdə də təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.

Bu cür görüşlər artıq silsilə xarakteri alıb və orta məktəb məzunlarına ixtisas seçimində kifayət qədər yardımçı olur. Yardımlı rayonunda buraxılış sinif şagirdləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüş çox maraqlı olub, bir sıra suallara aydınlıq gətirilib. 

Tədbirdə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Görüşdə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Xamıyev, rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə, eləcə də rayon iqtisadiyyatının bir hissəsini kənd təsərrüfatı təşkil etdiyini bildiriblər. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb.

ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verib.