ADAU-nun rektoru Qazax  rayon məktəbliləri ilə də görüşüb

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində Qazax rayon məktəbliləri ilə keçirilən görüşdə də təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.

 Bu cür görüşlər artıq silsilə xarakteri alıb və orta məktəb məzunlarına ixtisas seçimində kifayət qədər yardımçı olur. Qazax  rayonunda buraxılış sinif şagirdləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən  görüş çox  maraqlı olub, bir sıra suallara aydınlıq gətirilib. 

Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə, eləcə də rayon iqtisadiyyatının bir hissəsini kənd təsərrüfatı təşkil etdiyini bildiriblər. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb.

ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, 

Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verib.   Tələbələrdən Vidadi Nuruyev və başqaları çıxış edərək ADAU-da təhsil aldıqları üçün fəxr etdiklərini bildiriblər. Onlar üçün yaradılan şəraitə, geniş imkana görə ölkə başçısı İlham Əliyevə, universitetin rektoru İbrahim Cəfərova tələbə yoldaşlarının və öz adlarından bir daha dərin minnətdarlıqlarını bildiriblər. Bu il tələbə adını qazanacaq abituriyentlərə əsl tələbə həyatı yaşamaq üçün ADAU-nu seçmələrini tövsiyə ediblər. Universitetin geniş imkanlarından yararlanacaq tələbələrdən məhz onlardan birinin olmasını arzu ediblər.