ADAU-nun rektoru Ibrahim Cəfərovun növbəti görüşü Xaçmazda olub

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi uğurla davam edir. Hər görüş əslində böyük potensiala və şəraitə, maddi-texniki bazaya malik təhsil müəssisəni daha geniş miqyasda bölgə insanlarına yaxından tanıdır. Layihə çərçivəsində daha bir görüş isə Xaçmazın Heydər Əliyev mərkəzində buraxılış sinif şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilib. 
Bu görüşdə də təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib. Belə görüşlərdə orta məktəb məzunlarına ADAU haqqında geniş və dolğun bilgilər verilir, ixtisas seçiminə tövsiyyələr söylənilir. Görüş olduqca maraqlı keçib, bir sıra suallara aydınlıq gətirilib. 
Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Görüşdə rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə iqtisadiyyatının bir hissəsini kənd təsərrüfatı təşkil etdiyini bildirib. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb.
Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini Samir Nemətov uzaq yol qət edərək görüşə gələnlərə minnətdarlığını bildirib və bu cür tədbirlərin rayon ictimayyəti üçün əhəmiyyətindən danışıb, aqrar kadrlara ehtiyacları olduğunu deyib.
ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, 
Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verib.
Görüşdə universitetlə, burda olan ixtisaslarla bağlı suallara aydınlıq gətirilib, dünya standartlarına cavab verən maddi texniki bazadan geniş söhbət açılıb.