ADAU-nun fakültələrində Müstəqillik Günü qeyd edilib

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanın taleyinə isə bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı yazılıb. 
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb.  İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib.

Bu fikirlər təhsil müəssisəsinin Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültəsində İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları tərəfindən keçirilən tədbirdə səsləndirilib. Tədbir Dövlət himni ilə başlayıb. Kafedra müdiri, professor Azad Bayramov nitqində müstəqilliyin əldə edilməsi uğrunda gedən mübarizə tarixinə nəzər salıb, tarixi faktlar sadalayıb və deyib ki, müstəqilliyimizi qazandıqdan sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin itirilməsi təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. 
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas amillər qorunub saxlanır, inkişaf etdirilir.

Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bugünün gəncliyi qarşısında duran vəzifələrdən danışıb, onların üzərinə  müstəqil dövlətin qorunması və daha da qüdrətlənməsi üçün daha böyük məsuliyyət düşdüyünü deyib.

Kafedranın müəllimlərindən Samirə Qasımova, Elgün Aslanov, tələbələrdən Nuranə Həziyeva, Sevinc Rüstəmova, Rəhman Tağıyev və başqaları deyib ki, indi vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz. Tək vətənpərvər olmaqla biz uğur qazana bilmərik. Gənclər elmli, təhsilli olmalı, dünyada inkişafın ən yaxşı nümunələrini, texnologiyaları Azərbaycana gətirməlidir.

Tədbiri ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yekunlaşdırıb və deyib ki,  Azərbaycan bugün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.  İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas  İxrac Boru Kəməri neftimizi dünya bazarına çıxarır. Eyni zamanda Aqrar bölmə sürətlə inkişaf etdirilir. Bugün siz tələbələr həmin inkişafı daha da sürətləndirmək üçün universitetdə yaradılan təhsil şəraitindən maksimum istifadə etməklə bazar rəqabətli kadr kimi daha mükəmməl və hərtərəfli biliyə malik olmalısınız, müstəqil dövlətimizin aparıcı qüvvəsinə çevrilməlisiniz.