ADAU ilə “Yalama Aqropark” MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Memorandumu Azərbaycan Dövlət Aqrar Universietinin rektoru İbrahim Cəfərov və “Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev imzalayıblar. Anlaşma sənədi kadr hazırlığı sahəsində sıx əməkdaşlıq, tələbələrin təcrübələrinin təşkil edilməsi, xaricdə və ölkə daxilində aqrobiznesə dair təlim- seminarlarda ADAU və “Yalama Aqropark” MMC-nin mütəxəssislərinin birgə iştirakına dəstək kimi məsələləri əhatə edir.

Memorandum tərəflər arasında əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartları, kənd təsərrüfatı məhsullarının rəqabət qəbiliyyətinin artırılması və milli brendlərin yaradılması üzrə birgə layihələrin həyata keçirilməsinə təkan verəcək. 

ADAU-nun rektoru İbrahim Cəfərov universitet-sənaye əməkdaşlığının inkişafı, əmək bazarının tələblərinə cavab verən müətəxəssis hazırlığının həyata keçirilməsi, tədris və elmi-tədqiqat işlərinin aparılmasında innovativ texnologiyaların tətbiqi baxımından Anlaşma Memorandumunun imzalanmasının mühüm əhəmiyyət daşıdığını, növbəti semestrdən etibarən bir qrup buraxılış kurs tələbəsinin “Yalama Aqropark” MMC-də təcrübə keçəcəyini bildirib.

“Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev respublikada yeganə ali aqrar təhsil müəsissəsi və məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq əlaqələrinin qarşılıqlı faydalarından danışıb, bütövlükdə ölkəmizdə kənd təsərrüfatının davamlı inkşafına töhfələr verəcəyini əminliklə qeyd edib. Həmçinin “Yalama Aqropark” MMC haqqında ətraflı məlumat verib.

İmzalama mərasimindən sonra “Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev Aqrar universitetin maddi-texniki bazası ilə tanış olub.

http://ganjanews.az/2017/11/22/t%C9%99hsil/-adau-il%C9%99-%E2%80%9Cyalama-aqropark%E2%80%9D-mmc-aras%C4%B1nda-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-haqq%C4%B1nda-anla%C5%9Fma-memorandumu-imzalan%C4%B1b.html