ADAU-da “Startup Grind Ganja” tədbiri keçirilib

Bu gün Azərbaycanda ilk dəfə keçirilən “Startup Fest 2019” startap festivalının tərkib hissəsi olaraq “Startup Grind Ganja” tədbiri Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiya Mərkəzi və İNNOLAND inkubasiya akselerasiya mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Aqrar universitetin elm şöbəsinin müdiri Aytəkin Əsgərova, İNNOLAND mərkəzindən Tengiz Ağakişiyev, Gəncə Dövlət Universitetinin (GDU) İnnovasiyalar Departamentinin müdiri, ekspert-konsultantı Rəşad İsgəndərov ADAU İnnovasiyalar mərkəzinin koordinatoru Fərrux Rəhimov iştirak edib.

F.Rəhimov tədbiri giriş sözü ilə açaraq universitetdə son illərdə təşəbbüskarlıq ekosisteminin formalaşması, universitet və iş dünyası əlaqələrinin inkişafı, tələbə və professor-müəllim heyətinin ideyalarının dəstəklənməsi istiqamətində görülmüş işlər barəsində məlumat verib, həmçinin aqrar sahədə olan startapların təsnifatı və ən uğurlu layihələr barəsində məruzə edib. Məruzəçi həmçinin ADAU-da icra edilən startap layihələri, xüsusi ilə beynəlxalq startap müsabiqəsi olan “EuroAsia Startup Awards”da ölkəmizi təmsil edən “Green Doctor” layihəsi barəsində məlumat verib.

Sonra Tengiz Ağakişiyev “Startup Grind” tədbiri və startap festivalı barəsində, Rəşad İsgəndərov isə GDU-da startap ekosistemi haqqında, o cümlədən AqroX müsabiqəsinin qalibi olmuş “Antivarron” layihəsi barəsində məlumat verib.

Tədbirdə Aqrar Universitetin Aqronomluq və Baytarlıq fakültələri ilə yanaşı Gəncə Dövlət və Azərbaycan Texnologiya Universitetlərinin tələbləri iştirak edib.  Çıxışlara böyük maraq göstərən tələbələr tədbirdən sonra da məruzəçilərə yaxınlaşaraq suallar veriblər və yaxın günlərdə ADAU İnnovasiya mərkəzində startap layihələrinin yazılması ilə bağlı təkrar təlimlərin keçirilməsi qərara alınıb.

Xatırladaq ki “Startup Fest 2019” festivalı noyabr ayının 26-na qədər Bakı şəhərində davam edəcək. Bu tədbirlərdə iştirak etmək üçün tələbələrə biletlər paylanıb.