ADAU-da “Qarabağ Azərbaycandır!” adlı inşa müsabiqəsi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun 05 dekabr 2019-cu il tarixli 701 nömrəli əmrinə müfaviq olaraq 2019-cu il dekabrın 24-də Aqronomluq fakültəsinin tədris korpusunda universitet tələbələri arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqədən əvvəl rektor İbrahim Cəfərov mövzu barədə iştirakçılara məlumat verib və onların hər birinə uğur arzulayıb. Müsabiqədə bütün fakültələr üzrə 100-ə qədər tələbə iştirak edib.

Qeyd edək ki, müsabiqənin nəticəsi olaraq 1-ci yerin sahibinə 500 manat, 2-ci yerin sahibinə 300 manat, 3-cü yerin sahibinə isə 200 manat pul mükafatı veriləcək. Tələbələrin fikirlərini ifadə etməsi üçün 90 dəqiqə vaxt ayrılıb.

Günün ikinci yarısında inşa yazıları münsiflər tərəfindən incələnib və qaliblər müəyyən edilib. Mükafatlandırma mərasimində rektor İbrahim Cəfərov qalib tələbələrin yazıları haqqında fikrini bildirib, onların hərtərəfli vətəndaş kimi yetişəcəyinə əminliyini vurğulayıb.

Birinci yerə Aqrar iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Aygün Əliyeva və Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Peykər İbrahimova, ikinci yerə Aqrar iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Leyla Babayeva və Aqrobiznes və idarəetmə fakültəsinin ikinci kurs tələbəsi Zaur Salahov , üçüncü yerə isə Aqronomluq fakültəsinin ikinci kurs tələbəsi Orxan Məmmədov və həmin fakültənin birinci kurs tələbəsi Pərviz Hüseynzadə layiq görülüb.

Mükafatlandırmanın sonunda Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrının geniş konsert proqramı nümayiş olunub.