ADAU-da orta məktəb şagirdləri arasında "Akademik Həsən Əliyevi tanıyaq" mövzusunda təqdimat müsabiqəsi keçirilib

Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi ilə əlaqədar 15 dekabr 2017-ci il tarixində  Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində Gəncə şəhərinin orta məktəb şagirdləri arasında "Akademik Həsən Əliyevi tanıyaq" mövzusunda təqdimat müsabiqəsi keçirilib. Müsabiqədə 80 şagird iştirak edib. Müsabiqədə şagirdlərin təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri Fəridə Qurbanova 1-ci yerə və Ayşən Əhədova 3-cü  yerə, 27 nömrəli tam orta məktəbin şagirdi Sadiq Səfərov 2-ci yerə layiq görülüblər. 

Müsabiqədə ilk yerləri tutan şagirdlərə diplom və hədiyyələrlə yanaşı “Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı kitab, digər iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirin sonunda Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev,  5 nömrəli tam orta məktəbin direktoru Bəhram İmranov, 27 nömrəli lisey-məktəbin direktoru Kəmalə İsgəndərova və digər əməkdaşlar çıxış edərək təşkil olunan müsabiqənin əhəmiyyətindən, şagirdlər arasında akademik Həsən Əliyevin irsinin təbliğində rolundan danışıblar, həmçinin tədbirin təşkilinə görə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova təşəkkürlərini bildiriblər.