ADAU-da elmi-praktik videokonfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqrar Tədqiqatlar Mərkəzi ilə birgə “Kənd təsərrüfatında kooperasiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda alim, fermer və mütəxəssislərin iştirakı ilə elmi-praktik videokonfrans keçirilib.

Videokonfransı giriş sözüylə açan Universitetin elmi işlər üzrə prorektoru Ramin Məmmədov bildirib ki, videokonfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bənlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.

Sonra Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış edərək mərkəzdə bu sahədə aparılan tədqiqatlar barəsində məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov kooperativlərin inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi və dövlətin bu sahəyə dəstəyindən danışıb.

Aqrar sığorta fondunun İdarə Heyəti sədrinin müavini Firdovsi Ağaşirinov sığorta bazarının inkişaf prosesindən və hazırkı vəziyyətdən söz açıb.

Universitetin Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov mövcud sahədə aparılan araşdırmalar, beynəlxalq təcrübə və alimlərin tövsiyyələrini diqqətə çatdırıb.

Samux rayon DAİM-in sədri Rahil Həsənov mövcud resursların və texnikanın səmərli istifadəsi baxımından fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarınında təkliflərini nəzərə alaraq kooperativləşmənin vacibliyini bir daha vurğulayıb.

Samux rayon “Bərəkət” tərəvəz toxumçuluq kooperativinin sədri Olqa Babayeva və Samux rayonundan olan fermer Nəriman Ələkbərov videokonfransın təşkilindən məmnunluqlarını bildirərək fikrlərini səsləndiriblər.

Sonda Universitetin  Aqrar sahənin iqtisadiyyatı kafedrasının müdiri Raminə Mustafayeva, Muhasibat uçotu və audit kafedrasının müəllimi Rövşən Məmmədov, Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının baş müəllimi Şəlalə Nəbiyeva, Aqrobiznes və menecment kafedrasının müəllimi Fərrux Rəhimov təqdimatlarla çıxış ediblər.