ADAU-da “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir”  mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin Hökümətinin üç ay fəaliyyət göstərdiyi, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yerləşdiyi binada 23 may 2018-ci il tarixində “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir”  mövzusunda elmi konfransı öz işinə başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan iki günlük  konfransda  Cümhuriyyətin, xüsusilə onun Gəncə dövrünün tədqiqi ilə məşğul olan tarixçi alimlər iştirak ediblər. 

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda respublika konfransının məhz ADAU-da keçirilməsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olması ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamı olmuşdur. Sərəncamdan irəli gələn vəzifələrin və Cümhuriyyətin Gəncə dövründə  sosial, iqtisadi, mədəni, siyasi  və hərbi  sahələrdə verilmiş qəraraların müstəqil demokratik dövlət quruculuğunda  rolunu nəzərə alaraq, universitetdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda elmi konfrasın keçirilməsi qərara alınmışdır.

Konfransın açılışında AMEA-nın Z.Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Tohidi  Azərbaycan Xalq Cümhuriyyəti və onun Gəncə dövründə qəbul edilmiş mühüm qərarlar, həyata keçirilmiş tədbirlər barədə çıxış edib.

ADAU-nun ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə milli-dövlət quruculuğu”, kafedranın müəllimi, fəlsəfə doktoru Elgün Aslanov "Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir", Naxçıvan Dövlət Universitetinin əməkdaşı Bağır Babayev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan demokratik fikrində azadlıq, millətin və vətənin taleyi ideyaları”, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov “15 sentyabr 1918-ci il Bakının azad edilməsi prosesi: ermənilərin soyqırım mifləri və reallıqlar” mövzularında məruzələr ediblər. Türkiyənin Gəncə şəhərində Baş Konsulu Orhan İşık fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Sonra konfrans öz işini bölmələrdə davam etdirib.