ADAU-da 26 iyun – “Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinin  “İctimai elmlər və Multikulturalizm” kafedrası 26 iyun – “Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayaraq  Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu bildirib.

“İctimai elmlər və Multikulturalizm” kafedrasının müdiri, professor Azad Bayramov  deyib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.

“İctimai elmlər və Multikulturalizm kafedrasının” müəllimlərindən dosent Ə.Kazımov, baş müəllim A.Axundov çıxış edərək Silahlı Qüvvələrimizin keçmişi və bu günü haqqında ətraflı danışıblar. Düşmən  tapdağı altında olan ərazilərimizin tezliklə işğalçılardan azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına  əminliklərini ifadə ediblər.