Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələr

ADAU Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramlarına tələbə qəbulu elan edir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti  (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq  2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə yalnız dövlət sifarişi əsasında (ödənişsiz)  tələbə qəbulu elan edir. Tələbələrin qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılacaqdır. 

Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə  yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunacaqdır. Bundan başqa, dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılacaqdır. Tələbələrin təhsil müddətində bütün xərclər Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına ödəniləcəkdir. Bu xərclərə  təhsil haqqı,  qeydiyyat xərci,  tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri,  Ege Universitetində təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri daxildir.  Tələbələr aylıq stimullaşdırıcı təqaüdlə təmin olunacaqlar.

Qeyd edək ki, Ege Universiteti  Türkiyənin 20 May 1955-ci il tarixində nəşr olunan 6595 saylı Qanunu ilə 9 Mart 1956 ildə, İzmir şəhərində Ege bölgəsinin ilk, Türkiyənin 4-cü universiteti olaraq fəaliyyətə başlamışdır. Təhsilin keyfiyyətinə görə nəinki Türkiyədə, hətta dünyada tanınan bu ali təhsil müəssisəsində 70 minə yaxın tələbə təhsil alır. Universitet beynəlxalq reytinqlərdə – “Times Higher Education (THE) World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” cədvəllərində yer almışdır.

ADAU-nun Türkiyənin Ankara Universiteti, İstanbul Universiteti, Ondokuz Mayıs Universiteti, Atatürk Universiteti, Selçuk Universiteti, Fırat Universiteti, Yüzüncü yıl Universiteti, Ağrı İbrahim Çeçen Universiteti, Namik Kemal Universiteti, Iğdır Universiteti, Qazi Osman Paşa Universiteti, Aladdin Keykubat Universiteti və digər ali təhsil müəssisələri ilə də əməkdaşlıq əlaqələri var. Qeyd olunan ali təhsil müəssisələri ilə müəllim və tələbələrin mübadiləsi, əsasən, Mövlanə Mübadilə Proqramı (MMP) çərçivəsində həyata keçirilir. Bu proqram Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədi daşıyır.

 

AVROPANIN ALI TƏHSIL MÜƏSSISƏLƏRI ILƏ ƏLAQƏLƏR

ADAU Almaniya, Sloveniya, Polşa, Macarıstan, Fransa, Rumıniya, Bolqarıstan, Portuqaliya, İsveç, Norveç və digər ölkələrin ali təhsil, həmçinin elmi-tədqiqat müəssisələri ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq, əsasən, “Erasmus+” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2014–2020-ci illərdə təhsil, təlim, gənclər və idman sahələrində tədbirlər və böyük qrantlar təşkil edən Avropa Birliyi Proqramı olmaqla, bütün tələbələrə, doktorantlara və işçi heyətlərinə böyük imkanlar, təhsil sahəsində əməkdaşlıq proqramları təklif edir. Bu layihəni fərdi öyrənənlərin bacarıq əldə etmələrinə köməketmə, peşəkar inkişaflarını dəstəkləmə və digər mədəniyyətləri ətraflı öyrənmə potensialı var.

AMERIKA BIRLƏŞMIŞ ŞTATLARININ ALI TƏHSIL MÜƏSSISƏLƏRI İLƏ ƏLAQƏLƏR

Azərbaycan Dövlət Aqrar Universiteti ABŞ-ın Oklahoma Dövlət Universiteti, Texas A&M Universiteti və İllinoys Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq əlaqələri professor-müəllim heyətinin mübadiləsi, birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, konfrans, seminar və təlimlərdə iştirak sahələrini əhatə edir.

2019-cu ilin 6–8 noyabr tarixlərində ABŞ-ın Oklahoma şəhərində keçirilən Oklahoma–Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimində universitetin müəllim və tələbə heyəti, eləcə də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və digər qonaqlar iştirak ediblər. İllinoys Universiteti ilə əməkdaşlıq çərçivəsində Bitkiçilik və bitki mühafizəsi kafedrasının doktorantı və baş müəllimi Sahil Quliyev bitki mühafizəsi sahəsində təcrübə keçmişdir. Qeyd olunan universitetin professoru, ADAU-nun Fəxri Doktoru Mohammad Babadoost mütəmadi olaraq universitetə qonaq-mühazirəçi qismində dəvət olunur

2018-ci ildə açılmış bitki mühafizəsi ixtisası üzrə təhsil standartının beynəlxalq səviyyədə hazırlanması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Aqrar İnkişaf və Kredit Agentliyi tərəfindən icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi“ çərçivəsində Mohammad Babadoostun rəhbərliyi ilə universitet əməkdaşları tərəfindən ixtisasın təhsil proqramı tərtib edilmişdir.

ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri, Ayova, Minnesota və Viskonsin ştatları üzrə Risklərin idarə edilməsi Agentliyinin rəhbəri Duane Voy, ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri, Texas A&M Universitetinin professoru Steven Hauge və digərləri ADAU-ya səfər etmişlər.

 

MDB ÖLKƏLƏRİNİN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ İLƏ ƏLAQƏLƏR

ADAU MDB ölkələri aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının fəal üzvlərindən biridir. Şuranın iclası 2013 və 2017-ci illərin aprel aylarında ADAU-da keçirilib.

Hazırda ADAU ilə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistanın universitetləri arasında əməkdaşlıq çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. Ukrayna və Gürcüstanın da ail təhsil müəssisələri ilə aktiv əlaqələr var.

 

ASIYA ÖLKƏLƏRININ ALI TƏHSIL MÜƏSSISƏLƏRI ILƏ ƏLAQƏLƏR

 ADAU-nun Çin Xalq Respublikası, Cənubi Koreya, Yaponiya, Pakistan və Hindistanın aparıcı ali təhsil, həmçinin elmi-tədqiqat müəssisələri ilə əlaqələri mövcuddur.