AQRONOMLUQ FAKÜLTƏSİ

Ünvan:  Gəncə şəhəri, Ozan küçəsi 146, AZ2000

Tel. (+994 50) 324 77 15

E-mail: office@adau.edu.az

 

Aqronomluq fakültəsi universitetlə eyni tarixdə yaranmışdır. Belə ki, 1920-ci ildə kənd təsərrüfatı fakültəsi yaradılanda, onun tərkibindəki 8 kafedradan 5-i aqronomluq istiqamətli olmuşdur. Burada görkəmli alimlər çalışmışlar. Fakültənin tanınmış məzunlarından: akademiklər Həsən Əliyev, Validə Tutayuq, İmam Mustafayev, Ələkbər Quliyev, İlyas Abdullayev, Bala Ağayev, Həsən Seyidov, Məmmədtağı Cəfərov,Siddiqə Məmmədova, professorlar Niyaz Səfərov, Xalis Güləhmədov, Bəhmən Xəlilov, Hüseyn Xəlilov və onlarla digərlərini misal göstərmək olar.

2020-ci ildə fakültə yenidən təşkil olunaraq yeni tədris korpusuna köçürülmüşdür.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər. Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alır.

  

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti  (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq  2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə yalnız dövlət sifarişi əsasında (ödənişsiz)  tələbə qəbulu aparılır.

Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə  yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunacaqdır. Bundan başqa, dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılacaqdır. Tələbələrin təhsil müddətində bütün xərclər Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına ödəniləcəkdir. Bu xərclərə  təhsil haqqı,  qeydiyyat xərci,  tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri,  Ege Universitetində təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri daxildir. Tələbələr aylıq stimullaşdırıcı təqaüdlə təmin olunurlar.

 

FAKÜLTƏNİN STRUKTURU

KAFEDRALAR

  • Ümumi əkinçilik, genetika və seleksiya
  • Bitkiçilik
  • Bağçılıq
  • Ekologiya
  • Meşəçilik
  • Biologiya

 

BAKALAVRİAT PROQRAMLARI

  • Aqronomluq (rus və ingilis dillərində)*
  • Aqronomluq (ikili diplom proqramı)*
  • Meşəçilik*
  • Ekologiya*
  • Su bioehtiyatları və akvakultura*
  • Bağçılıq və tərəvəzçilik*
  • *Yalnız dövlət sifarişi əsasında

 

MAGİSTRATURA PROQRAMLARI

  • Aqronomluq
  • Ekologiya
  • Meşəçilik
  • Su bioehtiyatları və akvabitkilər

 

DOKTORANTURA VƏ DİSSERTANTURA PROQRAMLARI

  • Meyvəçilik və üzümçülük
  • Bitkiçilik
  • Botanika
  • Bitki fiziologiyası
  • Ekologiya
  • Bitkilərin mühafizəsi
  • Ümumi əkinçilik
  • Genetika
  • Meşəçilik, meşə quruluşu və meşə taksasiyası
  • Seleksiya və toxumçuluq
  • Subtropik bitkilər  
  • Mikrobiologiya

 

PROFESSOR-MÜƏLLİM HEYƏTİ

  • Elmlər doktoru, professor-2
  • Fəlsəfə doktoru, dosent-25
  • Fəlsəfə doktoru, baş müəllim-10
  • Baş müəllim-10
  • Assistent-15

 

TƏLƏBƏLƏRİN SAYI

Bakalavriatlar-937

Magistrantlar-55

Son illər fakültənin maddi-texniki bazasının yaxşılaşdırılması üçün xeyli işlər görülmüşdür. Görkəmli alimlərin adını daşıyan auditoriyalar yaradılmış, müasir elmi tədqiqat laboratoriyaları alınmış, tərəvəzçilik üzrə 5 istixana istifadəyə verilmişdir.

 

TOXUMÇULUQ LABORATORİYASI

Laboratoriya beynəlxalq əməkdaşlıq çərçivəsində Yaponiya Hökümətinin dəstəyi ilə yaradılmışdır. Burada buğda, arpa, qarğıdalı və paxlalı bitkilərin (noxud, lobya) toxumlarının müasir metodlar və cihazlarla analizləri aparılır.

  

  

TAXIL VƏ PAXLALI BİTKİLƏR LABORATORİYASI

Laboratoriya 1991-ci ildə yaradılmaqla əsas hədəfləri respublikanın müxtəlif torpaq iqlim şəraiti üçün məhsuldar, yüksək keyfiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sortların yaradılması, taxıl bitkilərinin rayonlaşdırılmış və perspektivli sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla təşkili, bioloji cəhətdən təmiz toxumların istehsalı texnologiyasının təkmilləşdirilməsi və onun iqtisadi səmərəliliyinin araşdırılması, toxum təhlükəsizliyi mexanizminin təmin edilməsi metodunun işlənməsi, yeni yaradılmış məhsuldar sortların fermer təsərrüfatlarına sürətlə tətbiq olunmasına nail olmaqdır.. Laboratoriyanın əməkdaşları tərəfindən 2011-ci ildə “ADAU-80” və 2014-cü ildə “Gəncə“, 2016-cı ildə “Məhsuldar” qarğıdalı sortları yaradılaraq rayonlaşdırılmış və dövlət reyestrinə salınmışdır. Bununla yanaşı, triktikale bitkisinin “Qismət” sortu yaradılaraq 2017-ci ildə rəsmi dövlət reyestrinə salınmışdır.Universitetin tarixində ilk dəfə olaraq yumşaq buğda sortu “Nurcahan” 2019-cu ildə universitetin 100 illlik yubilyeyi şərəfində “ADAU-100” 2020-ci ildə rayonlaşdırılmış və hər iki sort dövlət reyestrinə salınaraq fermerlərə tövsiyə olunmuşdur. Laboratoriyanın təcrübə sahəsində taxıl bitkilərinin-buğda, arpa, çovdar, tritikalenin yabanı və mədəni növlərindən, növ müxtəlifliklərindən və sortlarından ibarət 400-dən yuxarı nümunə genefond sahəsində əkilir, öyrənilir və seleksiya işlərində geniş istifadə olunur.

 

 

İSTİXANALAR

Hər biri 154 kvadrat metr olan 5 ədəd istixanadan ibarət olan kompleksdə tədris və elmi-tədqiqat məqsədilə ilin bütün dövrlərində müasir texnologiyalar əsasında müxtəlif kənd təsərrüfatı bitkiləri (pomidor, xiyar, badımcan, bibər və s.) becərilir.