“Anatomiya, patanatomiya və patfiziologiya ” kafedrasının illər üzrə tarixinə nəzər salsaq, 1925-ci ildə Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsində “Kənd təsərrüfatı heyvanlarının anatomiyası və fiziologiyası” kafedrası kimi təşkil edilmişdir. Kafedra müdiri P.Y.Rostovtsev olmuşdur. 1932-ci ilin yanvarında müstəqil fiziologiya kafedrası yaradılmış və həmin kafedraya da P.Y.Rostovtsev rəhbərlik etmişdir. Sonralar kafedraya dosentlər K.Q.Qənbəroğlu, X.İ.Rəhimzadə və D.R.Cəfərov başçılıq etmişdir.

“Anatomiya” kafedrasına 1936-cı ilədək dosent V.Y.Lipatov, “Fiziologiya” kafedrasına isə professor D.V.Znameniskiy rəhbərlik etmişdir. Sonralar bu kafedralar birləşdirilərək “Ev heyvanlarının histologiyası və anatomiyası” kafedrasına çevrilmişdir. Yeni kafedraya 1948-ci ilədək dosent L.M Çuvatin başçılıq etmişdir. 1948-53-cü illərdə müstəqil “Anatomiya” kafedrasına dosent M.A.Əliyev, 1953-55-ci illərdə isə İ.B.Abbasov rəhbərlik  etmişdir. 1955-ci ildə “Anatomiya”  kafedrası “Patanatomiya və histologiya” kafedrası ilə birləşdirilmiş və  Ə.M.Xəlilov kafedraya  rəhbərlik etmişdir. 1968-i ildə “Ev heyvanlarının anatomiyası və histologiyası” kafedrası yaradıldı. 1970-ci idə onun tərkibinə fiziologiya və farmakologiya kafedraları birləşdirilir və ona C.R.Cəfərov rəhbərlik etmişdir. Sonrakı illərdə kafedranın adı müxtəlif adlarla adlandırılmış və müxtəlif alimlər ona rəhbərlik etmişlər (aşağıda verilir).

Kafedranın alimləri anatomiyanın, fiziologiyanın, patanatomiyanın, patfiziologiyanın, histologiyanın müxtəlif problemlərini müxtəlif illərdə müvəffəqiyyətlə öyrənmişlər. Dosentlər V.Y.Lipatov və L.M Çuvatin (1941) atların, iribuynuzlu mal-qaranın sümük sistemini, atlarda orta sinirin daxili struktur quruluşunu, camışlarda sinovial balalığı və döş ətraflarında selikli kisəciyi, baş müəllim M.M.Əliyev (1946) atlarda və başqa kənd təsərrüfatı heyvanlarında bilək nahiyəsində vətər bağlarının anatomiyası, camışların çanaq ətrafında balalığın sinovial mayesinin və selikli qişaların xüsusiyyətlərini,  İ.B.Abbasov camışlarda və başqa iribuynuzlu mal-qarada göz analizatorunun müqayisəsi və yaş morfologiyası, camışın və  iribuynuzlu mal-qaranın qaraciyərini öyrənmişlər.

R.B.Rüstəmov öz əməkdaşları ilə birlikdə (Ramazanov A.M., A.N.Babayev) atlarda baldır əzələsinin hüceyrələrinin qanla təchiz edilməsini, sonralar isə camışın, iribuynuzlu mal-qaranın və qoyunların ətraf əzələlərinin damar-sinir zonalarının arterial qan təzyiqini, çanaq sümüyü və baldır nahiyəsində əzələ şaxələrinin, magistral arteriyaların yaş xüsusiyyətlərinin tədqiqi ilə məğul olmuşlar. 1986-1990-cı illərdə isə  qaramalın, qoyunların və zebunun baş arteriyalarının xüsusiyyətlərini öyrənmişlər.

C.A.Yusifov camışın müxtəlif orqanlarının histoloji quruluşunu, Azərbaycan zebusunun və onun Qafqaz cinsi ilə hibridinin, süd vəzilərinin funksional-histoloji quruluş xüsusiyyətlərini öyrənmişdir. Fizioloqlardan X.İ.Rəhimzadə müxtəlif heyvanların həzm orqanlarının funksional vəziyyətinə Naftalan neftinin və başqa dərman maddələrinin təsirini, A.İ.Əliyev mədə-bağırsaq sisteminin ayrı-ayrı orqanları arasında  funksional qarşılıqlı təsiri, əsəb sisteminin qan və mədə  arasındakı zülal mübadiləsinin dinamikasına, eləcə də mədə şirəsinin zülali tərkibinə təsirini, 1986-90-cı illərdə zebu, onun mələzlərinin fizioloji xüsusiyyətlərinin yerli şəraitə uyğunlaşmasını öyrənmişdir. Dosent R.N.Allahverdiyev şüa almış heyvan serumunun kökəldilən və təcrübə heyvanlarında qanın biokimyəvi göstəricilərinə və histoloji quruluşuna təsirini öyrənmişdir.

1934-cü ildə “Patoloji fiziologiya və patoloji anatomiya” kafedrası yaradılıb. Kafedranın ilk müdiri A.D.Səmədov, sonra isə A.İ.Feodorov olmuşdur. 1946-cı ildən 1990-cı ilə qədər kafedraya professor Ə.M.Xəlilov rəhbərlik etmişdir. Həmin vaxt kafedra “Patanatomiya, cərrahiyyə və patfiziologiya” adlanırdı. Sonralar kafedra  müxtəlif  adlarla və rəhbərlərlə fəaliyyət göstərmişdir. Beləki, “Anatomiya və histologiya” (1991-92, kafedra müdiri professor R.B.Rüstəmov),   “Patanatomiya və patfiziologiya ” (1992-93, kafedra müdiri dosent Allahverdiyev R.N.), “Anatomiya, patanatomiya və histologiya” (1993-97, kafedra müdiri professor R.B.Rüstəmov), “Epizootologiya, mikrobiologiya və patanatomiya” (1997, kafedra müdiri professor R.A.Qədimov),  “Epizootologiya, mikrobiologiya, patanatomiya və patfiziologiya” (1997-2014, kafedra müdiri dosent Z.Ə.Ələsgərov), “Əczaçılıq və BSE” (2014-2018, kafedra müdiri professor M.M.Əliyev), “Anatomiya, patanatomiya və patfiziologiya ”  ( 2018-ci ildən, kafedra müdiri professor A.Ə.Tağıyev) adlandırılmışdır.

Pataloji anatomiya kafedrasının əməkdaşları V.İ.Lamski və A.İ.Feodorov atların infeksion anemiyası xəstəliyinin patogenezini, patanatomiyasını, sonralar A.İ.Feodorov leptospiroz xəstəliyinin patogenezini, patanatomiyasını və diaqnostikasını öyrənmişlər.

1940-cı illərdə respublikada davarlar arasında yayılmış infeksion aqalaktiya (xlamidioz) xəstəliyinə qarşı tədqiqatlar aparan M.M.Fərzəliyev, V.İ.Lamski, A.İ.Feodorov, A.H.Qədimov, Ə.M.Xəlilov və A.B.Quliyev xəstəliyin etiologiyasını, klinikasını, patanatomiyasını, diaqnostikasını, müalicə və profilaktikasını  öyrənmiş və xəstəliyin qarşısını almışlar.

1950-ci illərdə respublikanın bəzi rayonlarında  davarlar arasında yayılmış listerioz xəstəliyinə qarşı dosent Ə.M.Xəlilov  xəstəliyin patogenezini, patomorfologiyasını, təfriqi diaqnostikasını ətraflı öyrənmişdir. Dosent F.İ.Namazov  camış və inəklərin bağırsağının ana bətnində inkişafının müqayisəli histologiyası, sonralar  professor Ə.M.Xəlilovla birlikdə bir sıra invazion xəstəliklərlə yoluxma zamanı orqanizmin reaktivliyinin öyrənilməsi ilə məşğul olmuşlar. 1987-ci ildən dosent E.İ.Əliyev brusellaların vaksin ştammlarının və onların L-formalarının effektliyinin immunomorfoloji qiymətləndirilməsi, camışların brusellyozunun immunomorfologiyası, quşların pasterelyozunun patogenezi, patanatomiyası və immunomorfoloyasını öyrənmişdir.

Professor Ə.M.Xəlilov və dosent F.İ.Namazov kafedranın əməkdaşları ilə birlikdə ümumi və xüsusi patoloji anatomiyanın bütün sahələrini əhatə edən, çoxlu sayda eksponatlardan ibarət muzey yaratmışlar və hazırda kafedranın nəzdində fəaliyyət göstərən pataloji muzeydə həmin eksponatlar qorunub saxlanılır.

Patoloji fiziologiyanın sərbəst elm kimi inkişafında S.P.Botkinin, İ.P.Pavlovun və V.V.Paşutinin böyük rolu olmuşdur. Baytarlıq patofiziologiyasının inkişafında V.M.Koropov, A.A.Juravel, S.M.Pavlenkonun rolu olmuşdur. 1874- cü ildə Kazan Universitetində  V.V.Paşutin “Eksperimental patologiya” kafedrası, 1924-cü ildə Mockva Dövlət Universitetində A.A.Boqomolets və S.S.Xalatovun başçılığı ilə “Patoloji fiziologiya” kafedrası yaradılmışdır.

Azərbaycanda ilk patoloji fiziologiya kafedrasını V.V.Paşutinin tələbəsi N.Q.Uşinski yaratmışdır. Sonra bu elmi respublikamızda A.A.Boqomoletsin tələbəsi T.H.Paşayev yeni pilləyə qaldırmışdır. Baytarlıq  patofiziologiyasını isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda  T.H.Paşayevin yetirməsi M.M.Mustafayev inkişaf etdirmişdir.

2018-ci ildən kafedra “Anatomiya, patanatomiya və patfiziologiya ” kafedrası adlandırılmışdır. Hazırda “Anatomiya, patanatomiya və patfiziologiya” kafedrasına professor Tağıyev A.Ə. rəhbərlik edir.

Kafedrada  11 nəfər  professor – müəllim heyyəti, 6 nəfər texniki işçi fəaliyyət göstərir. Onlardan 1 nəfər a.e.d., professor (Tağıyev A.Ə), 1 nəfər b.e.n., ADAU-nun professoru (Ramazanov A.M.), 3 nəfər dosent (Adıgözəlova D.M., Əliyev E.İ., Cəfərov X.X.), 3 nəfər baş müəllim (Quliyeva K.Ə., Süleymanova R.A., Mustafayev A.S.), 3 nəfər assistentdir (Həsənova L.A. Alverdiyev Q.R., Əliyeva N.M.). 

Kafedrada 20-dən çox  fənn (anatomiya, patanatomiya, patfiziologiya, radiobiologiya,  zoologiya, zoogigiyena, sitologiya və s.) tədris olunur. Kafedranın əməkdaşları tərəfindən kafedrada tədris olunan bütün fənlər üzrə dərsliklər, dərs vəsaitləri, metodik göstəriş və vəsaitlər, proqramlar tərtib olunmuşdur.

Kafedranın nəzdində özündə minlərlə eksponatı olan “Anatomiya” muzeyi fəaliyyət göstərir. “Patanatomiya” muzeyində 3 mindən artıq eksponat qorunub saxlanılır. Müasir standartlara cavab verən maddi-texniki baza ilə təmin  olunmuş digər laboratoriya və auditoriyalarda yüksək keyfiyyətlə tədris təşkil olunur.

Müasir anatomiya muzeyi 2010-cu ildə və müasir patanatomiya muzeyi 2018-ci ildə yaradılmışdır.

Müxtəlif  illərdə kafedranın aparıcı mütəxəssisləri - professor Tağıyev A.Ə, ADAU-nun professoru Ramazanov A.M., dosentlər Adıgözəlova D.M., Əliyev E.İ., Cəfərov X.X. tərəfindən təxminən 700 çap vərəqindən çox dərslik, dərs vəsaiti,  metodik göstəriş və vəsait,  fənn proqramları hazırlanaraq nəşr olunmuşdur.

Kənd təsərrüfatı heyvanları və quşlarının bəzi morfoloji xüsusiyyətlərinin öyrəmilməsi, onların xəstəliklərinə qarşı müxtəlif mənşəli dərman, bioloji fəal maddələrin tətbiqinin  səmərəliliyinin  müəyyənləşdirilməsi, kənd təsərrüfatı heyvanlarına qulluq qaydaları üzrə normaların hazırlanması  mövzusunda elmi-tədqiqat işləri üzrə 4 bölmədə elmi iş aparılır. Əməkdaşlar bir çox yerli və beynəlxalq elmi konfranslarda aparılan elmi işlər üzrə məruzələr edərək, elmi-tədqiqat işlərinin dəyərini bir daha  göstərmişlər.

Kafedranın aparıcı mütəxəssisləri bir çox layihələrdə və təlimlərdə iştirak edərək, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına öz köməklərini göstərmişlər.

Hazırda kafedrada beş nəfər doktorant elmi-tədqiqat işi aparır. Dissertasiya işləri tam hazırdır. Kafedra əməkdaşları Rusiya Federasiyası Aqrar Universiteti ilə əlaqə saxlayır, elmi-tədqiqat işlərinin nəticələri Ural Dövlət Baytarlıq Akademiyasında, Saratov Dövlət aqrar Universitetində, Moskva Baytarlıq Təbabəti və Biotexnologiya Akademiyasında, Sank-Peterburq Dövlət Baytarlıq Akademiyasında, Voronej Dövlət Aqrar Universitetində rus, türk və ingilis dilində çap edilmişdir. Tədqiqat işlərinin bir hissəsi Belarus və Ukraynada nəşr edilmişdir. Kafedranın nəzdində yaradılmış bildirçinçilik üzrə Koordinasiya Mərkəzindən respublikamızda bildirçinçiliklə məşğul olan fermerlərin tez-tez görüşləri keçirilir, onlar bu  sahədə 20-dən artıq kitablar, metodiki göstərişlər, bukletlərlə təmin edilir. 2019-cu ildə bildirçinçilik üzrə tədqiqat işlərinin nəticələri xarici ölkələrdə müzakirə olunaraq, 20-dən artıq elmi əsər çap edilmişdir. Kafedrada TEC fəaliyyət göstərir.