ADAU-da yeni inkişaf strategiyası müzakirə olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının onlayn iclasında “Azərbaycan Dövlət Aqrar Universitetinin 2021-2025-ci illər üzrə İnkişaf Strategiyası” müzakirə olunub. Şuranın sədri, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin tövsiyəsi və mütəxəssisləri  ilə birgə hazırlanmış Strategiya ali təhsil müəssisəsinin missiyası, strateji hədəf və məqsədləri, təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbə və onun inkişafı, tədqiqat üçün yaradıcı, təşəbbüskar və beynəlxalq tələblərə cavab verən  mühitin formalaşdırılması, rəqabət qabiliyyətliliyinin artırılması, rəqəmsallaşma və innovativ həllərin tapılması, infrastruktur, dayanıqlılıq kimi aktual məsələləri əhatə edir. Bütövlükdə sənəddə strateji məqsədlər 8 qrupda birləşdirilmiş, hər bir strateji məqsədə çatmaq üçün strateji hədəflər, o cümlədən alt hədəflər qeyd olunmuşdur. Elmi Şuranın üzvlərindən professor Məhərrəm Hüseynov, dosent Aidə Həsənova, dosent Ramiz Xəlilov, dosent Məhərrəm İsmayılov, dosent Asəf Qasımov və başqaları çıxış edərək müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanmış yeni Strategiyanın və onun əsasında hazırlanan fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasının təhsil müəssisəsində mütəxəssis hazırlığının rəqabət qabiliyyətinin artırılmasına, tədqiqat universiteti statusunun əldə olunmasına, beynəlxalq reytinq cədvəllərində yer almasına töhfələrini verəcəyini  qeyd ediblər.

İclasın sonunda sənəd səsə qoyularaq təsdiq olunub.